
Vətən müharibəsindəki parlaq zəfərimizin artıq altıncı ilini qeyd edirik. Müasir tariximizin ən möhtəşəm qələbə salnaməmiz olan Zəfər Günü ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcıdır. 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın uzun illər ərzində qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşdiyi, milli iradəmizin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının bütün dünyaya nümayiş olunduğu möhtəşəm bir gündür. Zəfər Günü təkcə hərbi qələbənin qeyd edilməsi deyil, həm də xalqın öz tarixinə, milli kimliyinə, dövlət müstəqilliyinə və gələcəyinə sahib çıxmasının parlaq ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi Qələbə uzun illər davam edən işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına yol açdı. 8 Noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin taleyində həlledici mərhələ oldu. Məhz bu möhtəşəm hadisə Azərbaycanın hərbi-siyasi üstünlüyünü təsdiqlədi və düşməni kapitulyasiyaya məcbur edən əsas amillərdən birinə çevrildi.Bu Zəfərin arxasında illərlə aparılan məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi və ən əsası, Azərbaycan xalqının sarsılmaz iradəsi dayanır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, işğal dövründə hər birimiz azadlıq gününü öz işimizlə yaxınlaşdırmalı idik. Azərbaycan dövləti məhz bu məqsədlə bütün istiqamətlərdə ardıcıl və düşünülmüş siyasət həyata keçirdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. On minlərlə insan doğma yurd-yuvasından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi və dini abidələrimiz vandalizmə məruz qalmışdır. Uzun illər ərzində yüz minlərlə insan doğulduğu torpaqlara qayıtmaq ümidi ilə yaşamış, bu həsrət nəsildən-nəslə ötürülmüşdür. İşğal dövründə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycan ərazilərinin işğalçı qüvvələrdən azad edilməsi tələb olunurdu. Lakin uzun illər bu qətnamələrin icra edilməməsi, beynəlxalq vasitəçilik səylərinin nəticəsiz qalması münaqişənin həllini uzadırdı.
Azərbaycanın tarixi Qələbəsinin mühüm şərtlərindən biri müstəqillik illərində yaradılmış güclü iqtisadi və hərbi potensialdır. Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi inkişaf strategiyası ölkəmizin siyasi, iqtisadi və müdafiə qüdrətinin yüksəlməsinə xidmət etmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə nümayiş etdirdiyi qətiyyətli rəhbərlik xüsusi qeyd olunmalıdır. Dövlət başçısı həm hərbi əməliyyatlara rəhbərlik edir, həm də beynəlxalq informasiya məkanında Azərbaycanın haqlı mövqeyini müdafiə edirdi. Onun dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayırdı.
Azərbaycan Vətən müharibəsində qələbə qazansa da, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasını əsas məqsədlərdən biri hesab edir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan müharibə istəmir, sülh istəyir, lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalıdır. 44 günlük Vətən müharibəsinin ən mühüm nəticələrindən biri xalqımızın milli birliyinin və həmrəyliyinin bütün dünyaya nümayiş etdirilməsi oldu. Müharibə dövründə cəbhədə döyüşən əsgərlə arxa cəbhədə çalışan vətəndaş, xaricdə yaşayan soydaşımızla ölkə daxilində yaşayan hər bir azərbaycanlı eyni amal ətrafında birləşdi.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yenilməz ruhunun, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsidir. Bu Qələbə sübut etdi ki, milli məqsədlər ətrafında birləşən xalq, qətiyyətli rəhbərlik və güclü ordu qarşıya qoyduğu ən böyük hədəflərə nail ola bilər.
Zəfər bizim milli qürurumuz, Şuşa azadlığımızın rəmzi, Qarabağ isə milli kimliyimizin ayrılmaz parçasıdır. 8 Noyabr tariximizin şərəf səhifəsi, gələcək nəsillərə ötürəcəyimiz ən böyük qürur mənbəyidir. Bu Zəfər Azərbaycan xalqının birliyinin, iradəsinin və yenilməzliyinin əbədi təcəssümüdür!
Azər Ağayev,
YAP Tərtər rayon təşkilatının sədr müavini



