AnalitikaGündəmSiyasət

8 Noyabr – Zəfər Günü: Milli Birliyimizin, Qəhrəmanlığımızın və Tarixi Qələbəmizin təntənəsi

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onlar milli yaddaşımıza əbədi həkk olunur, dövlətçilik salnaməmizin ən şanlı səhifələrinə çevrilir. 8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq tarixində məhz belə möhtəşəm yer tutur. Bu tarixi gün Azərbaycanın ərazi bütövlüyünün bərpası, milli qürurumuzun yüksəlişi, xalqımızın sarsılmaz iradəsinin və dövlətimizin qüdrətinin təntənəsidir.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusu böyük əzmkarlıq, qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi nailiyyətlər əldə edildi. Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Cəmiyyətimizin bütün təbəqələri vahid amal – torpaqlarımızın azad edilməsi naminə birləşdi. Ön cəbhədə döyüşən əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə xalqımızın göstərdiyi dəstək Qələbənin əldə olunmasında mühüm rol oynadı. Bu birlik Azərbaycan dövlətinin gücünü və xalqımızın milli ruhunun sarsılmazlığını bir daha təsdiqlədi.

Zəfər tariximizin ən parlaq hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı Vətən müharibəsinin taleyində həlledici əhəmiyyət daşıdı. Mürəkkəb relyefə və çətin döyüş şəraitinə baxmayaraq, Azərbaycan hərbçiləri misilsiz qəhrəmanlıq göstərərək şəhəri düşmən işğalından azad etdilər. Bu Qələbə xalqımızın mənəvi ruhunu daha da yüksəltdi və Azərbaycanın hərbi qüdrətini nümayiş etdirdi.
Prezident İlham Əliyevin Şuşanın azad olunması münasibətilə xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Bu tarixi müraciət təkcə Şuşanın deyil, bütövlükdə Qarabağın azadlığına, milli qürurumuzun bərpasına və xalqımızın tarixi ədalətə qovuşmasına verilən siyasi və mənəvi qiymət idi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Vətən müharibəsi başa çatdı. Azərbaycan hərbi-siyasi müstəvidə böyük üstünlük əldə edərək tarixi torpaqlarının azad olunması istiqamətində mühüm nəticələr qazandı. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərində tam bərpa edildi. Bununla da Azərbaycanın müstəqillik tarixində yeni və mühüm mərhələ başlandı. Bu möhtəşəm Qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin Vətən sevgisi dayanır. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların göstərdiyi fədakarlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik və qəhrəmanlıq məktəbidir. Qazilərimizin sağlamlıqları bahasına qazandığı bu Zəfər dövlətimiz və xalqımız üçün əbədi qürur mənbəyidir.

Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş ərazilərdə yollar, tunellər, hava limanları, elektrik stansiyaları, sosial obyektlər və yaşayış kompleksləri inşa olunur. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Şəhər və kəndlərimiz yenidən qurulur, həyat öz axarına qayıdır. Bütün bunlar Azərbaycanın Qələbədən sonra da böyük quruculuq əzmi nümayiş etdirdiyini göstərir.

8 Noyabr – Zəfər Günü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm əhəmiyyətə malikdir. Bu tarix gənclərimizə Vətənə sevginin, dövlətə sədaqətin, milli birliyin və müstəqilliyin qorunmasının vacibliyini aşılayır. Zəfər salnaməmizin öyrənilməsi və təbliği gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edir.

Qazanılan tarixi Qələbə bir daha sübut etdi ki, güclü dövlət, qüdrətli ordu və xalq-iqtidar birliyi qarşıya qoyulan ən böyük məqsədlərə çatmağın əsas şərtidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Zəfər Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, xalqımızın öz gücünə inamını artırdı. Zəfər Günü bizə həm də böyük məsuliyyət xatırladır. Bu Qələbəni qorumaq, dövlətimizin inkişafına töhfə vermək, şəhidlərimizin əziz xatirəsini yaşatmaq və ölkəmizin gələcək uğurları naminə çalışmaq hər birimizin vətəndaşlıq borcudur.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu gün milli birliyimizin, qəhrəmanlığımızın, dövlətçilik iradəmizin və tarixi ədalətin təntənəsidir. Qarabağ Azərbaycandır və bu həqiqət xalqımızın qazandığı tarixi Qələbənin ən böyük ifadəsidir!

 

Əli Paşayev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button