
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını, dövlət idarəçiliyinin prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını müəyyən edən ali hüquqi sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm tarixi mərhələ olmuşdur. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını qoymuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində Konstitusion prinsiplərin qorunması, qanunun aliliyinin təmin edilməsi, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi mühüm yer tutur. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin əlamətdar nailiyyətlərindəndir.
Konstitusiya yalnız dövlət idarəçiliyinin hüquqi əsaslarını deyil, həm də hər bir vətəndaşın hüquq və vəzifələrini müəyyən edir. Bu baxımdan, gənclərin hüquqi biliklərinin artırılması, vətəndaşlıq məsuliyyətinin gücləndirilməsi və dövlətçilik ənənələrinə hörmət ruhunda yetişməsi xüsusi əhəmiyyət daşıyır.Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin təhsil, ictimai fəaliyyət, könüllülük və idarəetmə sahələrində inkişafına geniş imkanlar yaradır. Gənclərin bu imkanlardan səmərəli istifadə etməsi və ölkənin inkişafına töhfə verməsi mühüm vəzifələrdəndir. Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət suverenliyimizin əsas dayağı və demokratik inkişafımızın fundamental sənədidir. Konstitusiyaya hörmət və onun prinsiplərinə əməl etmək hər bir vətəndaşın dövlətçilik qarşısında məsuliyyətidir.
Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci



