Şuşa – Qarabağın mədəniyyət paytaxtından dünya mədəniyyət məkanına

Şuşa tarixən Azərbaycanın mədəniyyət həyatında aparıcı mövqeyə malik şəhərlərdən biri olub. Burada formalaşmış musiqi məktəbi, ədəbiyyat ənənələri və memarlıq nümunələri milli mədəniyyətimizin zənginliyini nümayiş etdirir. Şəhərin yetirdiyi görkəmli sənətkarlar Azərbaycan incəsənətinin inkişafına böyük töhfələr verərək onun beynəlxalq səviyyədə tanınmasına şərait yaradıblar.
Şuşanın işğaldan azad edilməsi ilə şəhərin mədəni həyatının yenidən canlandırılması dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu qərar şəhərin tarixi missiyasının bərpası və mədəni potensialının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günləri şəhərin mədəni həyatına yeni nəfəs verib. Bu tədbirlər müxtəlif ölkələrin sənət adamlarını bir araya gətirərək Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət edir. Şuşa artıq yalnız tarixi keçmişi ilə deyil, müasir mədəni tədbirləri ilə də diqqət mərkəzindədir.
Şəhərin 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olması onun beynəlxalq mədəni nüfuzunu daha da artırdı. Bu status çərçivəsində təşkil olunan tədbirlər Şuşanın tarixi, dini və mədəni irsinin daha geniş coğrafiyada tanıdılmasına imkan yaratdı. Beləliklə, Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim olunduğu mühüm platformaya çevrildi.
Bu gün Şuşa milli mədəniyyətimizin qorunduğu və dünya ictimaiyyətinə təqdim edildiyi şəhərdir. Onun azadlığı ilə Azərbaycan öz tarixi irsinə sahib çıxmaqla yanaşı, gələcək mədəni inkişafı üçün də yeni imkanlar əldə edib. Şuşa Şəhəri Günü bu böyük mədəni dirçəlişin rəmzi kimi qeyd olunur.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



