
Hər il noyabrın 12-də Azərbaycan Respublikasında Konstitusiya Günü qeyd olunur. Bu tarix müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Konstitusiya dövlətin əsas qanunu olmaqla, ölkənin idarəetmə sistemini, dövlət orqanlarının fəaliyyət prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də cəmiyyət və dövlət arasındakı münasibətləri müəyyən edir. Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranmışdı. Çünki müstəqil dövlətin siyasi, hüquqi və iqtisadi quruluşu onun suverenliyini və milli maraqlarını əks etdirən əsas qanunla tənzimlənməli idi.
Azərbaycanın konstitusiya tarixinin başlanğıcı 1921-ci ilə təsadüf edir. Həmin il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edilmişdir. Sonrakı illərdə ölkənin siyasi quruluşunda baş verən dəyişikliklərlə əlaqədar Konstitusiyaya əlavə və düzəlişlər edilmişdir. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında dəyişikliklər qəbul edilmiş, 1927-ci il martın 26-da isə Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiq olunmuşdur. 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayında növbəti Konstitusiya qəbul edilmişdir. Daha sonra, 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minmişdir. Həmin Konstitusiyanın hazırlanması zamanı Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması xüsusi əhəmiyyət daşıyırdı. Bu, milli dilimizin və dövlətçilik ənənələrimizin qorunması baxımından mühüm hadisə idi.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi yeni Konstitusiyanın qəbulunu zəruri etdi. Müstəqil dövlətin suverenliyini, demokratik idarəetmə prinsiplərini, insan hüquq və azadlıqlarını təmin edən əsas qanunun hazırlanması üçün Konstitusiya komissiyası yaradıldı. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi bu komissiya tərəfindən yeni Konstitusiya layihəsi hazırlandı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum keçirildi və müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Konstitusiya həmin il noyabrın 27-də qüvvəyə mindi. Bu hadisə Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələ oldu.
Azərbaycan Respublikasının Konstitusiyası preambuladan, 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Xalq öz hakimiyyətini birbaşa referendum və seçkilər vasitəsilə, eləcə də seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyada dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, qanunun aliliyi, demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişafı əsas prinsiplər kimi müəyyən edilmişdir.
Konstitusiyanın mühüm istiqamətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır. Burada hər kəsin qanun qarşısında bərabərliyi, yaşamaq, azadlıq, təhsil almaq, əmək, mülkiyyət, fikir və söz azadlığı, vicdan və seçki hüquqları təsbit edilmişdir. Eyni zamanda, dövlətin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının, eləcə də vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi olduğu göstərilmişdir. Konstitusiya qanunvericilik, icra və məhkəmə hakimiyyətinin fəaliyyət prinsiplərini müəyyən etməklə dövlət idarəçiliyinin hüquqi əsaslarını formalaşdırır.
Sonrakı illərdə cəmiyyətdə və dövlət idarəçiliyində baş verən dəyişikliklər nəzərə alınaraq Konstitusiyaya əlavələr və dəyişikliklər edilmişdir. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da ümumxalq referendumları keçirilərək Konstitusiyaya müvafiq dəyişikliklər qəbul olunmuşdur. Bu dəyişikliklər dövlət idarəçiliyinin və hüquq sisteminin inkişafı ilə bağlı məsələləri əhatə etmişdir. 1996-cı il noyabrın 1-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla noyabrın 12-nin hər il Konstitusiya Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Beləliklə, 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin hüquqi dövlət quruculuğu tarixində mühüm yer tutur. Konstitusiya müstəqil dövlətimizin hüquqi təməli, milli suverenliyimizin və demokratik inkişafımızın əsas təminatıdır. Hər bir vətəndaşın Konstitusiyanı bilməsi, onun müəyyən etdiyi hüquq və vəzifələrə hörmətlə yanaşması hüquqi şüurun və vətəndaş məsuliyyətinin formalaşması baxımından vacibdir.
Aysun Mahmudova,
YAP Yasamal rayon təşkilatının fəal gənci



