
Dövlət Bayrağı xalqın azadlıq iradəsini və müstəqil yaşamaq əzmini ifadə edən ən mühüm milli atributlardan biridir. Azərbaycan xalqı üçün üçrəngli bayraq əsrlər boyu formalaşmış milli düşüncənin, dövlətçilik ənənələrinin və istiqlal mübarizəsinin rəmzidir. Hər il 9 noyabr tarixində qeyd olunan Dövlət Bayrağı Günü bu dəyərlərin yenidən xatırlanması baxımından böyük əhəmiyyət daşıyır.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti milli tariximizdə mühüm mərhələ təşkil edir. Məhz həmin dövrdə üçrəngli bayrağımız dövlət səviyyəsində qəbul olunaraq müstəqil Azərbaycanın rəmzinə çevrilmişdir. Bu bayraq xalqımızın türk dünyasına, müasir sivilizasiyaya və İslam mədəniyyətinə bağlılığını nümayiş etdirirdi.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət idarələrindən endirildi. Lakin xalqın yaddaşında və milli düşüncəsində öz yerini qoruyub saxladı. Uzun illərdən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yenidən ucaldılması milli dövlətçilik tariximizdə mühüm hadisəyə çevrildi.
Müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi prosesində dövlət rəmzlərinə xüsusi diqqət yetirildi. Üçrəngli bayrağımız Konstitusiyada təsbit edildi, onun qorunması və istifadəsi ilə bağlı hüquqi mexanizmlər yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Dövlət Bayrağı Günü təsis edildi və bayrağımızın təbliği dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Bu gün Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində dalğalanaraq xalqımızın gücünü, birliyini və müstəqilliyini nümayiş etdirir. Onun hər dalğalanışında xalqımızın tarixi, şəhidlərimizin qanı və gələcək nəsillərə ünvanlanan istiqlal mesajı yaşayır. Bayrağımızı qorumaq hər bir azərbaycanlının mənəvi borcudur.
Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

