
Azərbaycanın konstitusion tarixində 1978-ci il xüsusi əhəmiyyətə malikdir. Həmin il qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması sovet dövrünün mürəkkəb siyasi reallıqları fonunda milli maraqların qorunmasına yönəlmiş mühüm hadisə idi. Bu qərarın qəbul edilməsində Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi və siyasi uzaqgörənliyi həlledici rol oynayıb.
Sovet İttifaqında siyasi və ideoloji sistem mərkəzləşdirilmiş idarəçilik prinsipləri əsasında fəaliyyət göstərirdi. Belə bir şəraitdə milli dillərin dövlət idarəçiliyində mövqeyinin qorunması həssas məsələ hesab olunurdu. Heydər Əliyev isə Azərbaycan dilinin milli kimliyin və dövlətçilik düşüncəsinin əsas dayaqlarından biri olduğunu nəzərə alaraq onun hüquqi statusunun qorunmasına xüsusi əhəmiyyət verirdi. Bu mövqe milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm strateji addım idi.
1978-ci il aprelin 2-də yeni Konstitusiya layihəsinin müzakirəsi zamanı Heydər Əliyevin təklifi ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsini nəzərdə tutan müddəa layihəyə daxil edildi. Aprelin 21-də qəbul edilən Konstitusiyada bu müddəanın yer alması Azərbaycan dilinin hüquqi statusunu möhkəmləndirdi. Həmin hadisə milli dil siyasətinin dövlətçilik səviyyəsində qorunmasının əhəmiyyətini nümayiş etdirdi.
Bu addımın tarixi əhəmiyyəti yalnız dil məsələsi ilə məhdudlaşmırdı. Dövlət dilinin Konstitusiyada təsbit edilməsi xalqın milli özünüdərkinin qorunması, mədəni müstəqillik düşüncəsinin möhkəmləndirilməsi və gələcək suveren dövlətçilik üçün mənəvi-hüquqi zəmin yaradılması demək idi. Heydər Əliyevin həmin dövrdə atdığı addımlar sonradan müstəqil Azərbaycanın milli dövlətçilik siyasətində öz davamını tapdı.
1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bu tarixi xəttin müstəqillik dövründə hüquqi davamı oldu. Beləliklə, 1978-ci ildə qəbul edilmiş qərar milli dil siyasətimizin inkişafında mühüm mərhələ kimi yadda qaldı. Bu tarixi təcrübə göstərir ki, dövlətçilik yalnız siyasi institutlarla deyil, həm də milli dilin, mədəniyyətin və mənəvi dəyərlərin qorunması ilə möhkəmlənir.
Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



