
Müstəqillik xalqın öz taleyini müəyyən etmək, dövlətini qurmaq və milli maraqlarını sərbəst şəkildə həyata keçirmək hüququdur. Azərbaycan xalqı uzun tarixi mübarizə nəticəsində dövlət müstəqilliyini bərpa etmiş və bu müstəqilliyin hüquqi əsaslarının yaradılması istiqamətində mühüm addımlar atmışdır. 1995-ci ildə qəbul edilən Konstitusiya həmin iradənin fundamental hüquqi ifadəsinə çevrilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918–1920-ci illərdəki fəaliyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm yer tutur. Cümhuriyyətin süqutundan sonra xalqımız uzun müddət müstəqil dövlətçilik imkanlarından məhrum olsa da, milli azadlıq və suverenlik ideyası yaşamaqda davam etmişdir. 1991-ci ildə müstəqilliyin bərpası bu tarixi arzunun reallaşması oldu.
Müstəqilliyin ilk illərində siyasi qeyri-sabitlik və ciddi təhlükəsizlik problemləri dövlətçiliyin gələcəyi üçün risklər yaradırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin təmin olunması və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Konstitusiyanın hazırlanması bu prosesin əsas hüquqi mərhələlərindən biri idi.
Əsas Qanun Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin əsas prinsiplərini müəyyən etdi. Suverenlik, ərazi bütövlüyü, dövlət hakimiyyətinin təşkili, insan hüquqları və beynəlxalq münasibətlərdə müstəqil iştirak Konstitusiyanın mühüm istiqamətləridir. Bu müddəalar dövlətin siyasi iradəsini hüquqi çərçivədə ifadə edir.
Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etmiş güclü dövlət kimi inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi nəticələr müstəqillik iradəsinin davamlılığını göstərir. Konstitusiya isə bu iradənin hüquqi təminatı və milli dövlətçiliyimizin sarsılmaz dayağı olaraq qalır.
Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı



