
Hər bir dövlətin müstəqilliyini, inkişafını və demokratik dəyərlərini müəyyən edən əsas qanunu onun Konstitusiyasıdır. Azərbaycanda hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Bu mühüm tarixi hadisə müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
Konstitusiya dövlətimizin əsas qanunu olmaqla, xalqın hüquq və azadlıqlarını, vəzifələrini, dövlət quruluşunu və idarəetmə prinsiplərini müəyyən edir. Hər bir vətəndaşın təhsil almaq, işləmək, yaşamaq, fikir bildirmək və azad yaşamaq hüquqları Konstitusiyamızda öz əksini tapmışdır.
Konstitusiyamızın əsas məqsədi ölkəmizdə qanunun aliliyini, ədaləti, bərabərliyi və insan hüquqlarını qorumaqdır. O, hər bir vətəndaşa öz hüquqlarını bilməyi və vəzifələrini məsuliyyətlə yerinə yetirməyi öyrədir.
Konstitusiya Günü bizim üçün yalnız əlamətdar tarix deyil, həm də dövlətçiliyimizə, müstəqilliyimizə və milli dəyərlərimizə hörmət günüdür. Biz gənc nəsil olaraq Konstitusiyamızı öyrənməli, hüquqlarımıza hörmət etməli və ölkəmizin inkişafına öz töhfəmizi verməliyik.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın dövlətimizin əsas qanunu olan Konstitusiyamız!
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



