Heydər Əliyev siyasi irsi Azərbaycanın inkişaf yolunun əsasını təşkil edir
Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi Azərbaycan xalqının müasir dövlətçilik tarixində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin siyasi irsini bir daha xatırlamaq baxımından mühüm əhəmiyyət daşıyır. 1992-ci ildə ölkədə hökm sürən mürəkkəb vəziyyət, siyasi qarşıdurmalar və idarəçilik böhranı xalqın təcrübəli rəhbərə olan ehtiyacını artırmışdı. Məhz belə bir tarixi şəraitdə Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ölkənin gələcək inkişafında mühüm siyasi qüvvəyə çevrildi.
Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi, yüksək idarəçilik bacarığı və uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə nail oldu. Onun həyata keçirdiyi siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutlarının fəaliyyəti gücləndirildi və iqtisadi inkişafın təməli qoyuldu. Bu dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeləri də əhəmiyyətli dərəcədə möhkəmləndi.
Heydər Əliyevin siyasi fəlsəfəsinin əsasını güclü dövlət, milli birlik, vətənpərvərlik və xalqın rifahı təşkil edirdi. O, Azərbaycanın gələcəyini müstəqil, demokratik və iqtisadi cəhətdən qüdrətli dövlət kimi görürdü. Bu məqsədlə həyata keçirilən strateji addımlar ölkəmizin uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirdi. Yeni Azərbaycan Partiyası da həmin ideyaların siyasi platformada təbliğinə və həyata keçirilməsinə xidmət etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. Azərbaycanın iqtisadi gücü artdı, beynəlxalq əməkdaşlıq imkanları genişləndi, ordu quruculuğu istiqamətində mühüm nəticələr əldə olundu. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bu siyasətin ən mühüm nəticələrindən biri kimi tarixə düşdü. Dövlət suverenliyimizin tam bərpası isə milli dövlətçilik tariximizdə yeni səhifə açdı.
Bu gün Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf strategiyasında öz aktuallığını qoruyur. Yeni Azərbaycan Partiyasının 34-cü ildönümü həmin siyasi irsin davamlılığını, xalq-iqtidar birliyinin əhəmiyyətini və milli maraqlara əsaslanan siyasətin nəticələrini nümayiş etdirir. Azərbaycanın qarşıdakı illərdə də güclü, müstəqil və qüdrətli dövlət kimi inkişafı bu strateji xəttin ardıcıl davam etdirilməsindən asılıdır.
Ramin Ələkbərov,
YAP Nizami rayon təşkilatının fəalı



