
Yeni Azərbaycan Partiyasının 34 illik tarixi Ümummilli Lider Heydər Əliyevin adı və siyasi irsi ilə ayrılmaz şəkildə bağlıdır. Partiyanın yaranması Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkədə siyasi sabitliyin təmin olunması zərurətindən irəli gəlirdi. 1992-ci ilin mürəkkəb şəraitində Heydər Əliyevin ətrafında birləşən insanlar Azərbaycanın gələcəyinə dair ortaq məqsədlər müəyyənləşdirdilər. Bu məqsədlər partiyanın siyasi fəaliyyətinin əsas istiqamətlərini formalaşdırdı.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mərkəzində müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi dayanırdı. O, milli maraqların qorunmasını, xalqın birliyini və dövlət institutlarının gücləndirilməsini ölkənin gələcək inkişafının əsas şərtləri hesab edirdi. Onun siyasi fəaliyyəti Azərbaycanın mürəkkəb dövrlərdən çıxaraq sabit inkişaf yoluna qədəm qoymasında mühüm rol oynadı. Bu irs bu gün də ölkəmizin siyasi və ictimai həyatında öz əhəmiyyətini qoruyur.
Yeni Azərbaycan Partiyası yarandığı gündən Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutaraq dövlətçilik, azərbaycançılıq və milli həmrəylik prinsiplərinə əsaslanıb. Partiyanın sıralarında müxtəlif peşə və yaş qruplarından olan insanların birləşməsi onun cəmiyyətin geniş təbəqələrini əhatə edən siyasi təşkilat kimi formalaşmasına şərait yaradıb. Bu birlik ümummilli məqsədlərin həyata keçirilməsində mühüm amilə çevrilib.
Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib. Ölkəmizin iqtisadi gücü artıb, beynəlxalq mövqeləri möhkəmlənib, müdafiə imkanları güclənib. Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyin bərpası Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıb. Bu hadisələr milli birliyin və ardıcıl dövlət siyasətinin əhəmiyyətini bir daha nümayiş etdirib.
Heydər Əliyev ideyaları yalnız keçmişin siyasi irsi deyil, həm də gələcəyə istiqamət verən mənəvi və ideoloji dəyərlər sistemidir. Bu dəyərlərin qorunması və yeni nəsillərə çatdırılması hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur. Yeni Azərbaycan Partiyasının 34 illik yubileyi də həmin irsə ehtiramın, dövlətçilik ənənələrinə sədaqətin və Azərbaycanın gələcəyinə inamın ifadəsidir.
Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri

