
Yeni Azərbaycan Partiyasının yaranmasından ötən 34 il Azərbaycanın müstəqillik tarixinin mühüm siyasi hadisələri ilə zəngindir. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən partiya ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində meydana çıxaraq xalqın sabitlik, güclü dövlətçilik və milli inkişaf arzularını özündə birləşdirdi. Həmin dövrdə Azərbaycanın müstəqilliyi ciddi təhlükələrlə üzləşir, cəmiyyətdə siyasi qeyri-sabitlik və iqtisadi çətinliklər hökm sürürdü. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.
Partiyanın yaranması təşəbbüsü ilə çıxış edən ziyalılar və ictimaiyyət nümayəndələri Azərbaycanın gələcəyini düşünərək Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşdilər. Onlar Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinə, siyasi uzaqgörənliyinə və xalq arasında qazandığı nüfuza böyük inam bəsləyirdilər. Bu inam partiyanın formalaşmasında və qısa müddətdə geniş ictimai dəstək qazanmasında mühüm rol oynadı.
Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin qorunması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi, iqtisadi potensialının inkişaf etdirilməsi və milli maraqların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Bu siyasət müasir Azərbaycanın inkişafı üçün möhkəm təməl yaratdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həmin təməl üzərində yeni inkişaf mərhələsinə yüksəldi. Ölkənin iqtisadi imkanları genişləndi, müdafiə qüdrəti artdı, beynəlxalq nüfuzu möhkəmləndi. Vətən müharibəsində qazanılan tarixi Zəfər və Azərbaycanın suverenliyinin tam bərpası dövlətçilik tariximizin ən mühüm nailiyyətləri sırasında yer aldı.
Bu gün Yeni Azərbaycan Partiyasının 34 illiyi yalnız siyasi təşkilatın yubileyi deyil, həm də müstəqil dövlətimizin keçdiyi tarixi yolun təntənəsidir. Bu tarix xalqın birliyini, dövlətə sədaqətini və milli maraqlar naminə birgə fəaliyyət iradəsini əks etdirir. Qarşıdakı dövrdə də əsas məqsəd güclü Azərbaycanın inkişafına töhfə vermək və dövlətçilik ənənələrini qorumaqdır.
Mələk Nağıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” ərazi partiya təşkilatının sədri

