
Dövlətlər arasında münasibətlərin möhkəmliyi yalnız siyasi dialoq və iqtisadi əməkdaşlıqla ölçülmür. Xalqlar arasında qarşılıqlı anlaşma, mədəni əlaqələr, təhsil sahəsində əməkdaşlıq və humanitar təşəbbüslər də ikitərəfli münasibətlərin davamlı inkişafında mühüm rol oynayır. Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış humanitar əlaqələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa geniş yer ayrılıb. Dövlət başçısı qeyd edib ki, onilliklər ərzində təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəniyyət mübadilələri iki xalq arasındakı münasibətlərin möhkəmlənməsinə xidmət edib. Azərbaycan–Vyetnam humanitar əlaqələrinin tarixi kifayət qədər zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu münasibətlərin mühüm səhifələrindən biridir. Həmin şəxslər Azərbaycanda qazandıqları bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəldiblər. Bu fakt iki ölkə arasında təhsil əlaqələrinin yalnız müəyyən bir dövrə aid olmadığını, uzunmüddətli ənənələrə söykəndiyini göstərir. Bu gün həmin ənənələr yeni layihələr və təşəbbüslərlə davam etdirilir. Azərbaycan və Vyetnamın aparıcı universitetləri arasında əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanıb. Elmi tədqiqat, akademik mübadilə və tələbələrin təhsil imkanlarının genişləndirilməsi bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrantı proqramlarından Vyetnam vətəndaşlarının da yararlanmaq imkanının olması təhsil əlaqələrinin inkişafına əlavə şərait yaradır. Bu cür proqramlar müxtəlif ölkələrin gənclərinin bilik və təcrübə mübadiləsinə, beynəlxalq akademik əlaqələrin genişlənməsinə töhfə verir. Humanitar əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi yer tutur. Fondun Vyetnamda həyata keçirdiyi təşəbbüslər təhsil və sosial infrastrukturun dəstəklənməsini əhatə edir. Ha Giang əyalətində ibtidai məktəbin tikintisi bu fəaliyyətin konkret nümunələrindən biridir. 2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitar münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətli olub. Səfər zamanı Vyetnamın yüksəkvəzifəli şəxsləri, yaradıcı ziyalıları və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirilib. Həmçinin Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib. Bu təşəbbüslər təhsil və humanitar sahələrdə əməkdaşlığın praktik məzmununu genişləndirib. Mədəni əlaqələr də Azərbaycan və Vyetnam xalqlarının bir-birini daha yaxından tanımasına imkan yaradır. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günlərinin keçirilməsi bu istiqamətdə mühüm tədbirlərdəndir. 2026-cı ildə dördüncü festivalın ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi mədəni mübadilənin coğrafiyasının genişləndirilməsi baxımından diqqətəlayiq hadisə olub. Ədəbiyyat sahəsində də qarşılıqlı əlaqələr inkişaf edir. Tanınmış vyetnamlı şair Mai Van Phanın “At Sunrise” adlı şeirlər toplusunun Azərbaycanda nəşr olunması iki xalqın ədəbi irsinin qarşılıqlı tanıdılmasına xidmət edir. Bu cür təşəbbüslər müxtəlif dillərdə yaradılmış ədəbi nümunələrin yeni oxucu auditoriyasına çatdırılmasına imkan yaradır. Azərbaycan musiqi və kino sənətinin nümayəndələrinin Vyetnamla bağlı fəaliyyəti də tarixi əlaqələrin mühüm hissəsidir. Görkəmli bəstəkar Qara Qarayev 1955-ci ildə ilk sovet-vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərini bəstələyib. Rejissor Əjdər İbrahimov isə 1959–1962-ci illərdə Vyetnamda yaşayıb və fəaliyyət göstərib, ölkənin milli kino məktəbinin formalaşmasına töhfə verib, yerli rejissor və aktyorların hazırlanmasında iştirak edib. Onun “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə olunması və 2026-cı ildə Hanoyda təqdim edilməsi bu yaradıcı əlaqələrin davamlılığını göstərir. Humanitar münasibətlərin daha bir mühüm tərəfi çətin günlərdə qarşılıqlı dəstəyin nümayiş etdirilməsidir. Azərbaycan 2024-cü ildə Yagi tayfununun, 2025-ci ildə isə genişmiqyaslı daşqınların Vyetnamda yaratdığı fəsadların aradan qaldırılması üçün maliyyə yardımı göstərib. Bu addımlar iki ölkə arasında əməkdaşlığın yalnız iqtisadi maraqlarla məhdudlaşmadığını, humanitar həmrəyliyin də münasibətlərdə yer aldığını nümayiş etdirir. Azərbaycan–Vyetnam əlaqələrinin humanitar istiqaməti gələcək nəsillər üçün də mühüm əhəmiyyət daşıyır. Təhsil alan gənclər, yaradıcı şəxslər, alimlər və mədəniyyət nümayəndələri iki ölkə arasında uzunmüddətli əlaqələrin qorunmasına töhfə verirlər. İki xalqı birləşdirən bu münasibətlərin ən dəyərli tərəfi insanların bir-birinin tarixini, mədəniyyətini və mənəvi dünyasını tanımasına şərait yaratmasıdır. Siyasi sənədlər və iqtisadi razılaşmalar dövlətlərarası münasibətlərin çərçivəsini müəyyənləşdirirsə, humanitar əlaqələr həmin münasibətlərə insani məzmun qazandırır.
Günay Qəniyeva,
Xəzər rayonun gənc fəalı, Milli Aviasiya Akademiyasının tələbəsi

