
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü müstəqil dövlətçiliyimizin tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Konstitusiya dövlətin hüquqi əsaslarını, idarəetmə prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını müəyyən edən ali qanun olmaqla yanaşı, cəmiyyətin demokratik inkişafının və hüquqi dövlət quruculuğunun əsas təminatıdır.
Azərbaycanın müasir tarixində Konstitusiyanın qəbul edilməsi müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan biri olmuşdur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin hüquqi və siyasi inkişafında yeni mərhələnin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu mühüm sənəd demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini təsbit etdi.
Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyənləşdirilib. Şəxsiyyətin toxunulmazlığı, söz və fikir azadlığı, mülkiyyət hüququ, təhsil, əmək və sosial təminat hüquqları əsas qanunda öz əksini tapıb. Bu müddəalar Azərbaycan cəmiyyətində hüquqi düşüncənin inkişafına, vətəndaş məsuliyyətinin yüksəlməsinə və demokratik institutların möhkəmlənməsinə xidmət edir.
Ötən illər ərzində ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar Konstitusiyanın prinsiplərinin daha səmərəli tətbiqinə şərait yaradıb. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, məhkəmə-hüquq sisteminin inkişafı, insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Bu prosesdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası Konstitusiyanın ölkənin bütün ərazisində hüquqi qüvvəsinin təmin edilməsi baxımından yeni imkanlar yaradıb. Azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin qurulması, hüquqi və sosial infrastrukturun formalaşdırılması vahid konstitusion məkanın möhkəmləndirilməsinə xidmət edir.
Konstitusiya Günü hər bir vətəndaşa hüquq və vəzifələrini dərk etməyin, qanunun aliliyinə hörmətlə yanaşmağın və dövlətçilik ənənələrini qorumağın vacibliyini xatırladır. Əsas Qanun müstəqil Azərbaycanın sabitliyinin, inkişafının və gələcək nəsillərə ötürülən dövlətçilik irsinin başlıca təminatıdır.
Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



