AnalitikaGündəmSiyasət

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyinin, dövlət müstəqilliyinin, suverenliyinin və milli birliyinin ən müqəddəs rəmzlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, milli iradəsinin və dövlətçilik ənənələrinin təntənəsini ifadə edir.

Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu bayrağın rəngləri dərin fəlsəfi məna daşıyır: mavi – türk mənşəyimizi və milli kimliyimizi, qırmızı – müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə bayrağımızın mənəvi və tarixi simvolikasını tamamlayır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi istifadəsi dayandırılsa da, xalqımızın qəlbində müstəqillik ideyası heç zaman sönməmişdir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlətçiliyimizin əsas rəmzinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət bayrağına olan ehtiram dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmiş, 2009-cu ildə 9 noyabr Dövlət Bayrağı Günü elan edilmişdir.

Bu gün üçrəngli bayrağımız yalnız dövlət qurumlarının qarşısında deyil, Azərbaycanın beynəlxalq arenadakı uğurlarında, idman yarışlarında, diplomatik tədbirlərdə və xalqımızın qürur doğuran tarixi anlarında dalğalanır. Xüsusilə, 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası dövlət bayrağımızın hər bir qarış torpağımızda dalğalanmasının tarixi və mənəvi əhəmiyyətini daha da artırmışdır.

Dövlət Bayrağına hörmət yalnız bir dövlət rəmzinə ehtiram deyil, həm də Vətənə, tarixə, milli dəyərlərə və müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə sədaqətin ifadəsidir. Bu bayraq keçmişimizin mübarizəsini, bu günümüzün qürurunu və gələcəyimizin ümidlərini özündə birləşdirir.

Aycan Nazarova ,
YAP Yasamal Rayon Təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button