
“Dil hər bir xalqın milli kimliyini, tarixi yaddaşını və mədəni irsini yaşadan ən mühüm dəyərdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli varlığını qoruyan, dövlətçilik ənənələrini yaşadan və gələcək nəsillərə ötürən əsas amillərdən biri olub. Məhz buna görə hər il 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi ana dilimizin inkişafına verilən yüksək dəyərin təzahürüdür”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan dilinin dövlət dili kimi formalaşması uzun və mürəkkəb tarixi mərhələlərdən keçib: “Sovet dövründə milli dillərin sıxışdırılması siyasəti aparılsa da, Ulu Öndər Heydər Əliyev ana dilinin qorunması və inkişafı istiqamətində qətiyyətli mövqe nümayiş etdirib. Onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit edilməsi milli dövlətçilik tarixində mühüm dönüş nöqtəsinə çevrilib. Bu addım gələcək müstəqil Azərbaycan Respublikasında dövlət dili siyasətinin hüquqi əsaslarını formalaşdırıb. Müstəqillik əldə edildikdən sonra Azərbaycan dilinin hüquqi statusu daha da möhkəmləndirilib. 1995-ci il Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu təsbit edilib, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb və Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. Ardınca qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dövlət dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində sistemli hüquqi baza formalaşdırıb. Bu sənədlər Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də müstəqil dövlətçiliyin əsas atributlarından biri olduğunu təsdiqləyib”.
“Qloballaşma dövründə informasiya texnologiyalarının sürətli inkişafı dillər qarşısında yeni çağırışlar yaradır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, xarici sözlərin nəzarətsiz istifadəsi, rəqəmsal platformalarda dil normalarının pozulması və sosial mediada yazı mədəniyyətinin zəifləməsi ana dilinin saflığının qorunmasını strateji məsələyə çevirir: “Bu baxımdan Azərbaycan dilinin orfoqrafiya normalarının təsdiqi, elektron məkanda istifadəsinin genişləndirilməsi, dövlət proqramlarının həyata keçirilməsi və dövlət dili sahəsində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev ana dilini milli mənəvi dəyərlərin əsas sütunu kimi qiymətləndirərək qeyd edirdi ki, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Bu fikir Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, xalqın tarixini, mədəniyyətini və milli şüurunu yaşadan fundamental dəyər olduğunu göstərir. Prezident İlham Əliyev də çıxışlarında Azərbaycan dilinin zənginliyini xüsusi vurğulayaraq onun saflığının qorunmasını hər bir vətəndaşın borcu hesab edir və müasir dövrdə dil siyasətinin dövlət prioritetlərindən biri olduğunu bildirir. Bu mənada bu gün Azərbaycan dilinin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Təhsil müəssisələri, media, elm və mədəniyyət ocaqları, eləcə də hər bir vətəndaş ana dilinin düzgün işlədilməsi və zənginləşdirilməsi istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Xüsusilə gənc nəslin ədəbi dil normalarına yiyələnməsi, rəqəmsal platformalarda düzgün yazı mədəniyyətinin formalaşdırılması və milli dil irsinə hörmət ruhunda yetişdirilməsi gələcək inkişafın əsas şərtlərindəndir”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyinin və mənəvi birliyinin ayrılmaz hissəsidir: “Tarix boyu müxtəlif sınaqlardan keçərək bu günümüzə qədər gəlib çatan ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi hər bir Azərbaycan vətəndaşının vətəndaşlıq borcu və milli məsuliyyətidir. Ana dilimizə göstərilən qayğı əslində dövlətçiliyimizin, milli-mədəni irsimizin və gələcəyimizin qorunmasına verilən ən qiymətli töhfədir”.



