
Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində verdiyi bəyanat Azərbaycan Özbəkistan münasibətlərinin tarixi qardaşlıqdan strateji müttəfiqliyə qədər keçdiyi inkişaf yolunun aydın ifadəsidir.
Dövlət başçısının vurğuladığı kimi, Daşkənd və bütövlükdə Özbəkistan bu gün sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat və digər sahələrin inkişafı Özbəkistanın həm iqtisadi potensialını, həm də beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan bu inkişafı böyük rəğbət və qardaşlıq hissləri ilə qarşılayır. Çünki Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlərin əsasında ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər və xalqlarımız arasında əsrlərdən gələn səmimi bağlar dayanır. Bu mənəvi yaxınlıq son illərdə siyasi iradə və konkret iqtisadi layihələrlə daha da möhkəmlənərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Bu gün iki ölkə arasında əməkdaşlıq iqtisadiyyatın demək olar ki, bütün istiqamətlərini əhatə edir. Enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal sənayesi, dağ-mədən, bankçılıq və digər sahələrdə həyata keçirilən layihələr Azərbaycan–Özbəkistan əlaqələrinin çoxşaxəli xarakterini nümayiş etdirir. Qarşılıqlı investisiyaların artması və yeni birgə müəssisələrin yaradılması əməkdaşlığın artıq konkret iqtisadi nəticələr verdiyini göstərir. Ticarət dövriyyəsinin yaxın illərdə bir milyard ABŞ dollarına çatdırılması hədəfinin real perspektiv kimi qiymətləndirilməsi də münasibətlərin iqtisadi potensialından xəbər verir. Bu məqsədlə imzalanan sənədlər və müəyyənləşdirilən fəaliyyət planları iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsinə, investisiyaların artırılmasına və yeni layihələrin həyata keçirilməsinə mühüm imkanlar yaradır.
Azərbaycan Özbəkistan münasibətlərinin xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri isə qardaş Özbəkistanın Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, Xankəndidə layihələrin həyata keçirilməsi və digər investisiya təşəbbüsləri Özbəkistanın Azərbaycanın haqq işinə və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə verdiyi qardaş dəstəyin parlaq nümunəsidir. Eyni zamanda, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin genişlənməsi regionun yeni geosiyasi və geoiqtisadi imkanlarını artırır. Azərbaycan və Mərkəzi Asiya böyük potensiala malik vahid əməkdaşlıq məkanı kimi formalaşır. Bu prosesdə Azərbaycan Özbəkistan münasibətləri xüsusi əhəmiyyət daşıyır və iki ölkənin əməkdaşlığı bütövlükdə regionda nəqliyyat, logistika, enerji, ticarət və investisiya əlaqələrinin inkişafına mühüm töhfə verir.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, çoxsaylı sənədlərin imzalanması, yeni layihələrin təməlinin qoyulması və dövlət başçılarının qarşılıqlı yüksək dövlət təltiflərinə layiq görülməsi münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisidir.
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət etməsi də iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və dostluq münasibətlərinin davam etdirilməsinə verilən böyük önəmi nümayiş etdirir.
Bütün bunlar göstərir ki, Azərbaycan Özbəkistan münasibətləri artıq yalnız tarixi və mənəvi yaxınlıq üzərində deyil, möhkəm siyasi iradə, qarşılıqlı etimad, iqtisadi maraqlar və konkret layihələr üzərində inkişaf edir. İki qardaş ölkənin birgə fəaliyyəti gələcəkdə daha böyük iqtisadi nailiyyətlərə, regional əməkdaşlığın genişlənməsinə və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək.
Azərbaycan və Özbəkistan arasında formalaşan bu münasibətlər modeli Türk dünyasında həmrəyliyin, qarşılıqlı dəstəyin və birgə inkişafın mühüm nümunəsidir. Tarixin formalaşdırdığı mənəvi bağlar bu gün müasir dövrün strateji müttəfiqliyinə çevrilir və gələcək nəsillər üçün möhkəm dostluq, etimad və əməkdaşlıq mirası yaradır.
Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini



