AnalitikaGündəmİdman

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa çempionatında komanda hesabında birinci yeri tutaraq çempion adına layiq görülmüş Azərbaycan güləşçilərini qəbul edib

Dövlət başçısı görüş zamanı milli komandanı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edərək bildirib ki, bu uğur bütün Azərbaycan xalqında böyük sevinc hissi doğurub. Qeyd olunub ki, Azərbaycan güləşçiləri bir daha Avropa miqyasında öz üstünlüklərini nümayiş etdirərək komanda hesabında birinciliyi təmin ediblər. Prezident İlham Əliyev vurğulayıb ki, hazırda həm Avropada, həm də dünyada güləş üzrə rəqabət daha da güclənib və belə bir şəraitdə əldə olunan qələbə xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı bəzi yarışları şəxsən izlədiyini qeyd edərək, idmançılarımızın peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək rəqiblərini ədalətli mübarizədə məğlub etdiklərini diqqətə çatdırıb.

Prezident İlham Əliyev bildirib ki, bu qələbə Azərbaycan güləşinin uğurla inkişaf etdiyini bir daha təsdiqləyir. Qeyd olunub ki, güləşin ölkəmizdə zəngin ənənələri mövcuddur və bu ənənələr bu gün də uğurla davam etdirilir. Dövlət başçısı həm təcrübəli, həm də gənc güləşçilərin yüksək nəticələr göstərməsini məşq və seleksiya prosesinin düzgün qurulmasının göstəricisi kimi qiymətləndirərək federasiyanın fəaliyyətini müsbət dəyərləndirib, məşqçiləri və idmançıları təbrik edib. Görüşdə vurğulanıb ki, beynəlxalq arenada Azərbaycan bayrağının ucaldılması xalqımızda böyük qürur hissi doğurur və idmançıların qazandıqları qələbələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Dövlət başçısı idmanın cəmiyyət həyatında mühüm yer tutduğunu qeyd edərək, son illərdə bu sahədə əldə olunan nailiyyətlərin sevindirici olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan idmanının ümumi inkişafına toxunaraq bildirib ki, ölkə idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında daim yüksək nəticələr göstərərək ölkəmizi ləyaqətlə təmsil edirlər. Qeyd olunub ki, idmanda uğurlarla yanaşı məğlubiyyətlər də qaçılmazdır, lakin əsas amil idmançılarda güclü qələbə əzminin olmasıdır. Dövlət başçısı Azərbaycan xalqının qalib xalq kimi idman uğurları ilə də fəxr etdiyini vurğulayıb. Görüş zamanı ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısı, yaradılmış müasir idman infrastrukturu və keçirilən nüfuzlu beynəlxalq yarışların bu sahənin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Bildirilib ki, həm yunan-Roma, həm sərbəst, həm də qadın güləşi üzrə əldə olunan nəticələr Azərbaycan güləş məktəbinin hərtərəfli inkişaf etdiyini göstərir. Qızların da medalçılar sırasında yer alması xüsusi qeyd olunaraq, gələcəkdə daha böyük uğurların əldə olunacağına inam ifadə edilib.

Prezident İlham Əliyev milli komandada hökm sürən sağlam ab-havanı yüksək qiymətləndirərək, komanda üzvlərinin vahid ailə kimi çıxış etməsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, idmançıların yalnız yarış meydanında deyil, gündəlik həyatda da yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməsinin vacibliyi qeyd olunub. Dövlət başçısı sonda idmançılara müraciət edərək, istər yarış zamanı, istərsə də yarışdan kənarda daim ləyaqətli davranış prinsiplərinə sadiq qalmağın vacibliyini vurğulayıb və onları bir daha təbrik edərək gələcək yarışlarda yeni uğurlar arzulayıb.

Rüstəmov Ramil,
Neft Kəmərləri İdarəsinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button