
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər uzun illərə söykənən dostluq və qarşılıqlı əməkdaşlıq ənənələrinə əsaslanır. İki ölkə arasında formalaşmış siyasi dialoq, qarşılıqlı etimad və ortaq maraqlar əlaqələrin davamlı inkişafı üçün mühüm zəmin yaradıb. 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” isə ikitərəfli münasibətlərin inkişafında yeni və əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər.
Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında mövcud əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsini, əlaqələrin strateji məzmununun gücləndirilməsini və gələcək fəaliyyət üçün yeni imkanların yaradılmasını nəzərdə tutur. Bəyannamə 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanaraq iki ölkə arasındakı tarixi əlaqələrin davamlılığını nümayiş etdirir.
Sənəddə regionda davamlı sülhün təmin olunması məsələsinə də xüsusi diqqət yetirilir. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar alqışlanır. Böyük Britaniyanın bu prosesə ikitərəfli dialoq yolu ilə dəstəyini davam etdirmək niyyəti regional sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması yalnız region dövlətləri üçün deyil, daha geniş coğrafiya üçün də yeni inkişaf perspektivləri açır.
Azərbaycan-Böyük Britaniya münasibətlərində iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Bəyannamədə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, yeni biznes imkanlarının yaradılması və qarşılıqlı investisiyaların təşviqi əsas prioritetlər kimi müəyyənləşdirilib. Xüsusilə bərpaolunan enerji, infrastruktur və xidmətlər sahəsində uzunmüddətli kommersiya tərəfdaşlıqlarının inkişafı nəzərdə tutulur. Bu əməkdaşlıq hər iki ölkədə yeni iş yerlərinin açılmasına, peşə bacarıqlarının inkişafına və iqtisadi dəyərin yaradılmasına töhfə verə bilər.
Bəyannamədə Azərbaycanın mühüm geostrateji mövqeyini əks etdirən Orta Dəhlizin inkişafına da xüsusi diqqət yetirilir. Müasir dövrdə beynəlxalq nəqliyyat və logistika marşrutlarının əhəmiyyəti getdikcə artır. Azərbaycan Şərqlə Qərb arasında etibarlı nəqliyyat və tranzit mərkəzi kimi mövqeyini gücləndirir. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi ölkəmizin beynəlxalq bağlantılarının inkişafına, regional ticarətin canlanmasına və yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər.
Digər mühüm istiqamət enerji təhlükəsizliyi və yaşıl enerji keçididir. Sənəddə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar və iqlim dəyişikliyinə davamlılıq məsələləri ön plana çəkilir. Azərbaycanın enerji sahəsində zəngin təcrübəsi və yaşıl enerji potensialı bu əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu sahədə birgə təşəbbüslər həm enerji təhlükəsizliyinə, həm də davamlı iqtisadi inkişafa xidmət edə bilər.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərini yeni məzmunla zənginləşdirən mühüm siyasi sənəddir. Bu sənəd yalnız mövcud əməkdaşlığın davam etdirilməsini deyil, həm də müdafiə, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, elm və innovasiya kimi sahələrdə yeni perspektivlərin formalaşdırılmasını hədəfləyir.
Əminliklə demək olar ki, bu Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcək inkişafı üçün mühüm siyasi və iqtisadi zəmin yaradacaq, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da dərinləşməsinə və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

