AnalitikaGündəmSiyasət

Azərbaycan və Ukrayna güclü regional tərəfdaş kimi

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursu Azərbaycanın müasir inkişaf modelinin əsasını təşkil edir. Xüsusilə çoxtərəfli və balanslaşdırılmış xarici siyasət xətti ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu yanaşma Azərbaycanın regionda etibarlı tərəfdaş və nüfuzlu aktor kimi çıxış etməsini təmin edir. Bu siyasətin məntiqi nəticəsi kimi Azərbaycan–Ukrayna münasibətləri də davamlı inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşılıqlı etimada və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan bu əlaqələr illər ərzində möhkəm siyasi baza üzərində formalaşıb. Aprelin 25-də Ukrayna Prezidenti Volodymyr Zelenskyyin Azərbaycana işgüzar səfəri bu münasibətlərin inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Keçirilən görüşlər və səsləndirilən fikirlər göstərdi ki, tərəflər əməkdaşlığın mövcud istiqamətlərini daha da genişləndirməkdə maraqlıdır.

Görüşlər zamanı qeyd olunduğu kimi, Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəm siyasi təməli mövcuddur. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər iki ölkənin qarşılıqlı olaraq suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına verdiyi önəmi açıq şəkildə ifadə edir. Eyni zamanda, tərəflərin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verdiyi dəstək bu münasibətlərin sistemli və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. Azərbaycanın xarici siyasətində əsas prinsip müstəqillik, suverenlik və milli maraqların qorunmasıdır. Ölkəmiz ikitərəfli və çoxtərəfli əlaqələrini məhz bu prinsiplər əsasında quraraq, beynəlxalq münasibətlərdə balanslı və məsuliyyətli mövqe nümayiş etdirir.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi Nəzrin Bayramova

 

Oxşar Xəbərlər

Back to top button