AnalitikaGündəmSiyasət

Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi

19 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin inkişaf perspektivləri, ölkəmizin beynəlxalq mövqeyi və xarici siyasət prioritetləri baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlər qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək, bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində formalaşıb. Hər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olması ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır. Bu münasibətlərdə 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması xüsusi əhəmiyyət daşıyır. Bu sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir. İqtisadi əməkdaşlıq Azərbaycan–Vyetnam münasibətlərinin əsas istiqamətlərindən biridir. Xüsusilə energetika, neft-qaz sənayesi, investisiya, kənd təsərrüfatı, sənaye və nəqliyyat-logistika sahələrində mövcud imkanların genişləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığa xidmət edir. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşməsi Vyetnamın Avropa bazarlarına çıxışı baxımından da mühüm perspektivlər yaradır. Bununla yanaşı, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişafı xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil təşəbbüsləri bu əməkdaşlığın mühüm nümunələrindəndir. Bir gənc kimi hesab edirəm ki, Azərbaycan–Vyetnam münasibətlərinin inkişafı gənclər arasında təhsil mübadiləsinin, birgə layihələrin, mədəni proqramların və yeni əməkdaşlıq platformalarının yaradılması üçün də geniş imkanlar açır. Əminəm ki, Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq tərəfdaşlıq əlaqələrini daha da genişləndirəcək, Vyetnamla dostluq münasibətləri isə yeni uğurlarla zənginləşəcəkdir. Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluğun, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın ən yüksək uğurlu nümunəsidir.

Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button