
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə ardıcıl şəkildə genişlənərək siyasi dialoqdan iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edən çoxşaxəli tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkənin rəhbərləri arasında formalaşmış qarşılıqlı etimad və strateji baxış əlaqələrin inkişafına güclü siyasi impuls verir. Bunun nəticəsində ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, energetika, nəqliyyat, rabitə və digər sahələrdə birgə təşəbbüslərin sayı artır. Azərbaycan–Özbəkistan münasibətlərinin əsas üstünlüklərindən biri əməkdaşlığın yalnız ayrı-ayrı layihələrlə məhdudlaşmaması, iqtisadi əlaqələrin bütöv bir sistem halında inkişaf etdirilməsidir. Bu mənada mövcud tərəfdaşlıq iki ölkənin iqtisadi potensiallarının qarşılıqlı şəkildə tamamlanmasına əsaslanan uzunmüddətli əməkdaşlıq modeli kimi xarakterizə oluna bilər.
İqtisadi əlaqələrin möhkəmlənməsində qarşılıqlı investisiyalar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan şirkətlərinin Özbəkistanda müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirməsi, öz növbəsində Özbəkistanın da Azərbaycan iqtisadiyyatına marağının artması qarşılıqlı etimadın praktiki nəticələrindəndir. Sənaye kooperasiyasının genişləndirilməsi iki ölkənin istehsal imkanlarının birləşdirilməsi və yeni dəyər zəncirlərinin yaradılması üçün əlverişli imkanlar yaradır. Kənd təsərrüfatı, qida sənayesi, tekstil, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlığın genişlənməsi iqtisadi münasibətlərin daha dayanıqlı əsaslara söykənməsinə şərait yaradır. Eyni zamanda biznes dairələri arasında birbaşa əlaqələrin artması dövlətlərarası siyasi razılaşmaların real iqtisadi nəticələrə çevrilməsinə xidmət edir.
Bakı ilə Daşkənd arasındakı münasibətlərin gücü yalnız iqtisadi göstəricilərlə izah edilə bilməz. Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi yaddaş, dil və mədəniyyət yaxınlığı, adət-ənənələrin oxşarlığı və qarşılıqlı rəğbət münasibətlərin mənəvi dayaqlarını təşkil edir. Məhz bu mənəvi təməl dövlətlər arasında etimadın formalaşmasını asanlaşdırır və müxtəlif sahələrdə əməkdaşlığın daha sürətli inkişafına şərait yaradır. Təhsil, mədəniyyət, humanitar əlaqələr və xalqlar arasında təmasların genişlənməsi siyasi və iqtisadi tərəfdaşlığı tamamlayan mühüm istiqamətlərdir. Bu baxımdan Azərbaycan–Özbəkistan əlaqələri yalnız hökumətlər və dövlət qurumları arasında əməkdaşlıq deyil, eyni zamanda iki xalqın qarşılıqlı yaxınlığının müasir siyasi münasibətlərə çevrilməsinin nümunəsidir.
Mövcud dinamika göstərir ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın gələcək mərhələsi daha böyük iqtisadi layihələr, yeni investisiya imkanları və regional təşəbbüslərlə müşayiət oluna bilər. İki ölkənin əlverişli coğrafi mövqeyi, istehsal və enerji potensialı, nəqliyyat imkanları və geniş bazarlara çıxış perspektivləri qarşılıqlı iqtisadi fəaliyyət üçün əlavə üstünlüklər yaradır. Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi, Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi potensiala malik aparıcı dövlətlərindən biri kimi bu əməkdaşlıqdan qarşılıqlı fayda əldə edə bilər. Buna görə də Bakı–Daşkənd münasibətlərinin həm mənəvi, həm də maddi dayaqlar üzərində möhkəmlənməsi gələcəkdə daha geniş regional əməkdaşlıq formatlarının formalaşmasına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq modeli iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, bütövlükdə Türk dünyasının iqtisadi və geosiyasi çəkisinin artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Kamran Mustafayev,
YAP Xəzər RT-ı məsləhətçisi



