
Şuşa Azərbaycan xalqının çoxəsrlik tarixini, milli-mənəvi dəyərlərini və zəngin mədəni irsini özündə yaşadan nadir şəhərlərimizdən biridir. Qarabağın tacı, Azərbaycan musiqisinin və poeziyasının beşiyi kimi tanınan bu şəhər əsrlər boyu milli mədəniyyətimizin inkişafına mühüm töhfələr vermişdir. Şuşanın əhəmiyyəti yalnız tarixi hadisələrdəki rolu ilə deyil, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlər, formalaşdırdığısənət ənənələri və xalqımızın mənəvi dünyasında tutduğu xüsusi mövqe ilə ölçülür. Buna görə də 8 Noyabr -Şuşa Şəhəri Günü yalnız şəhərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də milli mədəniyyətimizin, tarixi yaddaşımızın və mənəvi irsimizin yenidən dirçəlişinin təntənəsidir.
Şuşa Qarabağ xanlığının paytaxtı kimi yarandığı dövrdən etibarən Azərbaycanın mühüm siyasi və mədəni mərkəzlərindən birinə çevrilmişdir. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski və digər görkəmli şəxsiyyətlərin adları şəhərin mədəni salnaməsinin ayrılmaz hissəsidir. Şuşada formalaşmış ədəbi və musiqi mühiti Azərbaycan incəsənətinin inkişafına istiqamət vermiş, milli mədəniyyətimizin zənginləşməsində mühüm rol oynamışdır. Bu şəhərin hər bir tarixi abidəsi, küçəsi və mədəniyyət ocağı xalqımızın yaradıcılıq ənənələrini və milli kimliyini yaşadan mənəvi sərvətdir.
Şuşanın tarixi və mədəni irsinin qorunması istiqamətində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə 1977-ci ildə Şuşanın tarix-memarlıq qoruğu elan edilməsi şəhərin tarixi simasının və mədəni sərvətlərinin mühafizəsi baxımından mühüm qərar idi. Bu addım Şuşaya yalnız bir yaşayış məntəqəsi kimi deyil, bütün Azərbaycan xalqının milli-mədəni irsi kimi yanaşıldığını göstərirdi. Eyni zamanda, Heydər Əliyevin dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri milli kimliyin qorunması və tarixi ənənələrin yaşadılması idi. Məhz onun rəhbərliyi dövründə Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi Qarabağ Zəfərinə aparan yolun siyasi və ideoloji təməllərini formalaşdırdı.
Şuşanın işğalı xalqımız üçün yalnız ərazi itkisi deyil, həm də milli mədəniyyətimizə və tarixi yaddaşımıza vurulmuş ağır zərbə idi. Uzun illər ərzində şəhərin tarixi abidələrinin, muzeylərinin, məscidlərinin və digər mədəniyyət ocaqlarının dağıdılması onun zəngin irsinə ciddi ziyan vurdu. Buna baxmayaraq, Şuşa xalqımızın yaddaşında öz yerini qorudu və onun azad edilməsi ümummilli məqsədə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət və 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Bu hadisə Azərbaycanın hərbi-siyasi Qələbəsi olmaqla yanaşı, milli-mədəni irsimizə qovuşmağımızın da rəmzinə çevrildi.
Bu gün Şuşada həyata keçirilən bərpa və quruculuq işlərinin əsas məqsədi şəhərin tarixi simasını qorumaqla onun mədəni həyatını yenidən canlandırmaqdır. Tarixi abidələrin bərpası, mədəniyyət müəssisələrinin fəaliyyətinin yenidən təşkili, sənət ənənələrinin yaşadılması və keçmiş sakinlərin doğma şəhərə qayıdışı Şuşanın dirçəldilməsinin mühüm tərkib hissələridir. Çünki Şuşanın bərpası yalnız infrastrukturun yenilənməsi deyil, həm də milli yaddaşın, mədəni ənənələrin və mənəvi bağlılığın bərpasıdır.
8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın tarixi yaddaşına, milli-mədəni irsinə və dövlətçilik ənənələrinə ehtiramın ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Qələbə və Şuşanın mədəniyyət paytaxtı kimi yenidən dirçəldilməsi şəhərin tarixində yeni mərhələnin əsasını qoymuşdur. Bu gün Şuşa Azərbaycanın milli qürurunun, mədəni qüdrətinin və tarixi varisliyinin rəmzidir. Onun qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması milli-mənəvi dəyərlərimizə sahib çıxmaq deməkdir. Şuşa bundan sonra da Azərbaycan mədəniyyətinin inkişafına və milli kimliyimizin təbliğinə xidmət edən əbədi mədəniyyət mərkəzi kimi yaşayacaqdır.
Əziz Şuşa sən azadsan!
Arzu Rəhimova,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı



