
2020-ci il oktyabrın 17-si Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Həmin gün Füzuli şəhəri Ermənistanın işğalından azad edildi. Bu tarixi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın parlaq nümunəsi oldu. Füzulinin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ təşkil etdi.
Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən mürəkkəb hərbi əməliyyatlarından biri idi. İşğal dövründə burada güclü müdafiə istehkamları qurulmuşdu. Buna baxmayaraq, Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək düşmənin müdafiə xəttini yarmağa nail oldu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ölkənin hərbi-siyasi iradəsinin nümayişində mühüm rol oynadı.
Dövlət başçısının fəaliyyəti yalnız hərbi qələbənin əldə olunması ilə məhdudlaşmadı. Müharibədən sonra azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və bölgənin iqtisadi potensialının dirçəldilməsi dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Füzulidə həyata keçirilən layihələr bu siyasətin konkret nəticələrini nümayiş etdirir.
Bu gün şəhərdə müasir yollar, yaşayış binaları, təhsil və sosial infrastruktur obyektləri yaradılır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin nəqliyyat imkanlarını genişləndirib, Qarabağın beynəlxalq əlaqələrinin inkişafına şərait yaradıb. Yeni infrastruktur bölgənin iqtisadi fəallığının artırılması və sakinlərin rahat yaşayışının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd edilir. Bu tarix qəhrəman əsgər və zabitlərimizin fədakarlığını, dövlətimizin gücünü və xalqımızın birliyini təcəssüm etdirir. Füzulinin dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamı və gələcək nəsillər üçün qürur mənbəyidir.
Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı


