
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daim gücləndirilməsidir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi tarixi nailiyyət olsa da, dəyişən dünya nizamı təhlükəsizlik məsələlərini daim aktual saxlayır. Buna görə də Prezident İlham Əliyev güclü ordunun dövlət müstəqilliyinin əsas təminatlarından biri olduğunu xüsusi vurğulayır.
Azərbaycanın hərbi gücünün formalaşdırılması uzunmüddətli və sistemli siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordunun maddi-texniki bazası yenilənib, hərbi sənaye imkanları genişləndirilib, müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlıq qurulub. Bununla yanaşı, Azərbaycan Ordusunun döyüş hazırlığı və peşəkarlığı da artırılıb. 2020-ci ildə əldə edilən Zəfər Azərbaycan ordusunun gücünü və dövlətin müdafiə strategiyasının effektivliyini bütün dünyaya nümayiş etdirdi.
Lakin müasir dövrdə təhlükəsizlik yalnız hərbi güclə ölçülmür. Prezident İlham Əliyevin çıxışında ideoloji təhlükəsizliyə də xüsusi diqqət ayrılması bunun göstəricisidir. İnformasiya texnologiyalarının, sosial medianın, süni intellektin və kiber məkanın sürətlə inkişaf etdiyi şəraitdə dövlətlərə qarşı yeni tipli təhdidlər meydana çıxır. Bu təhdidlərin qarşısının alınması üçün savadlı, vətənpərvər və milli düşüncəyə malik cəmiyyətin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının qarşısında xüsusi vəzifələr dayanır. Partiya üzvləri Azərbaycan həqiqətlərinin ictimaiyyətə düzgün çatdırılması, milli həmrəyliyin qorunması və xarici informasiya manipulyasiyalarının qarşısının alınması prosesində fəal rol oynamalıdırlar. Prezident İlham Əliyevin qurultayda ideoloji fəaliyyətin yeni, müasir metodlarla qurulmasına çağırışı məhz bu ehtiyacdan irəli gəlir.
Nəticə etibarilə güclü dövlət, güclü ordu və sağlam informasiya mühiti Azərbaycanın gələcək inkişafının mühüm dayaqlarıdır. VIII Qurultay bu amillərin qarşılıqlı əlaqəsini bir daha ortaya qoyaraq YAP-ın dövlətçilik prosesində məsuliyyətini artırır. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət Azərbaycanın təhlükəsizliyinin yalnız bu gün deyil, gələcək nəsillər üçün də etibarlı şəkildə təmin olunmasına hesablanıb. Dövlətin gücü xalqın birliyi, ordunun qüdrəti və milli iradənin dönməzliyi ilə tamamlanır.
Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri



