
Azərbaycan Respublikasında 2026-cı il ölkə Prezidenti tərəfindən “Şəhərsalma və memarlıq ili” elan olunmuşdur. Qədum tarixə malik Azərbaycanın uzun illər İpək yolunun üzərində yerləşməsi mühüm mədəniyyət, ticarət, sənətkarlıq mərkəzi kimi şəhərlərin özünəxas orijinallığını, üslubunu qoruyub saxlaya bilmişdir. Təsadüfi deyil ki, İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Şəki Xan sarayı memarlıq sənətinin nadir inciləri kimi UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdir.
Tarixi məkanlar xalqın kollektiv yaddaşının, milli kimliyinin və mədəni irsinin canlı daşıyıcıları, semiotik sistemlərdir. Onlar yalnız fiziki-coğrafi anlayış deyil, eyni zamanda simvolik məna daşıyıcısı, mədəni kod və ideoloji təmsil forması kimi də çıxış edir. Xüsusilə şəhər məkanları – küçələr, binalar, meydanlar, abidələr – təkcə fiziki obyekt kimi deyil, həm də mədəni və simvolik anlamlar daşıyan strukturlar kimi formalaşmışdır. Ədəbiyyat isə bu məkanların mənəvi qatlarını üzə çıxaran və yaddaşda yaşadan mühüm vasitədir. Məkan-şəxsiyyət münasibəti, məkanın yaddaşla əlaqəsi, şəhər obrazının poetik interpretasiyası kimi yanaşmalar müasir ədəbiyyatşünaslıqda və mədəniyyətşünaslıqda geniş tədqiq olunan mövzulardandır
İçərişəhər və Bayırşəhər kimi məkansal anlayışlar sırf coğrafi mövqe ilə məhdudlaşmamış, eyni zamanda tarixi və poetik təbəqələşmə, mədəni təzadlar, zaman və məkan münasibətləri, eləcə də şəxsiyyət və cəmiyyət münasibətlərini ifadə edən simvollara çevrilmişdir. Bu iki məkan Bakının keçmişi ilə bu günü arasında mənəvi körpü rolunu oynamış və bədii ədəbiyyatda tez-tez nostalji, tənhalıq, tarixi və sosial yaddaş, millilik və dəyişkənlik kimi ideyaların fonunda təqdim olunmuşdur.
Tarixi Bakı məkanlarının ədəbi təqdimatı, xüsusilə də İçərişəhər və Bayırşəhər obrazlarının nəsr və poeziyada təsviri, bu təsvirlərin bədii vasitələrlə səciyyəsi və məkana münasibət müasir Azərbaycan ədəbiyyatı nümunələrində dolğun əks olunmuşdur. Bu iki unikal şəhər qatının ədəbiyyatda poetik təcəssümü, onların simvolik və semantik dəyərləri eyni zamanda Bakının qədim mədəniyyət, ticarət, sənaye şəhəri olduğunu sübut edir.
Bakı öz əsrarəngizliyi, qədimliyi, sirli görkəmi ilə bu şəhərə qədəm qoyan hər kəsin diqqətini çəkmişdir. Şəhərin gözəlliyinə, insanlarının münasibətinə heyran olan rus şairi Yesenin, gürcü şairi Akaki Tsereteli Bakıdan aldıqları təəssüratı səmimi duyğularla ifadə etmişlər. Yesenin Azərbaycanı da, xalqımızı da çox sevirdi. Onun “ömür kitabı”nın bir neçə səhifəsi Bakıda keçib, əsərlərinin çoxunu Bakıda tamamlayıb, əsrinin böyük şairi Əliağa Vahidlə şəxsən tanış olub və dilini başa düşməsə də, ahəngindən şeirlərini bəyənib. Rusiyaya dönəndən sonra Bakını həsrətlə anan şair “Əlvida, Bakı” şeirini yazır:
Əziz Bakı, əlvida! Son görüşdür, əlvida.
Bir həyəcan, bir kədər könlümü etmiş vətən.
Ürəyim narahatdır bu ayrılıq çagında,
Adi dostluq sözünü hiss edirəm dərindən.
“Bu şəhərdə nə görsən heyran qoyur insanı” deyən A.Tsereteli böyük iftixarla Bakının təbii sərvətlərindən danışıb mənzərəsini təsvir edir:
Xəzərin sahilində
Böyük şəhərdi Bakı.
Elə sevdim, oxşadım,
Canım-qanımdı sanki.
Rəsul Rzanın qələmində isə Bakı hələ də bəstələnməmiş nəğmə kimi Xəzərin qucağıda yuxuya gedib dincəlir − əyri-üyrü küçələri, dalanları, qarı-yağışı, çiskini-küləyi ilə.
Qucağında Xəzərin yatıb dincələn Bakı,
Qarı, çiskin, yağışı əyri, köndələn Bakı.
Hələ neçə küçəndə güllər dəstələnməyib.
Hələ neçə nəğmənin xalı bəstələnməyib.
Azərbaycan ədəbiyyatında Bakı şəhəri sadəcə fon deyil, bəzən bir personaj, bəzən isə ideoloji və estetik simvol funksiyası daşıyan məkandır. Bu mənada İçərişəhər və Bayırşəhər obrazları Bakının iki fərqli tarixi mərhələsini və sosial qatını ifadə edir. İçərişəhər daha çox tarixi yaddaşın, milli-mədəni irsin, klassik dəyərlərin, Bayırşəhər isə modernizmin, sənayeləşmənin, urbanizasiyanın simvolu kimi təqdim olunur. Bu qarşılaşdırma ədəbi mətnlərdə müxtəlif məzmun və üslub çalarları ilə ifadə olunur – nostalji, ayrılıq, keçmişə qayıdış, yadlaşma və s.
İçərişəhər Azərbaycan mədəniyyətinin və tarixinin simvolik mərkəzidir. Bu məkan öz fiziki-coğrafi sərhədlərindən kənarda, həm də mənəvi və simvolik məkan kimi ədəbi yaddaşda yaşayır. İçərişəhərin bədii ədəbiyyatda təqdimatı onun tarixi çoxqatlılığını, urban mədəniyyətin köklərini və milli kimliyin vizual ifadəsini əks etdirir. İçərişəhər Azərbaycan ədəbiyyatında tez-tez nostalji, itirilmiş zaman, qədimlik və oturuşmuş dəyərlər motivləri ilə əlaqələndirilir.
Poeziyada Bakı, İçərişəhər konkret məkandan daha çox, şəhər mədəniyyətinin ruhunu ifadə edən bir fon funksiyası daşıyır. Dar küçələr, minarələr, zəngin arxitektura və qədimlik ab-havası bir tərəfdən klas¬sik Şərq şəhərinin gözəlliyini, digər tərəfdən isə dəyişən zaman qarşısında müqaviməti simvolizə edir. Şəhərin poetik simvolları – qala divarları, Qız qalası, məscidlər, küçələr və bu küçəlƏri yaşadan insanların münasibəti İçərişəhəri nostalji və milli-mənəvi kontekstdə təqdim edir.
…Gəlir xəyalıma o köhnə Bakı,
Keçən əsrdəki, doxsanlardakı.
Nə alov qülləsi, nə göydələn var,
Bir sakit şəhərdi, bir sadə bulvar.
Xəzərə yaraşır bizim bu şəhər,
Dalğalar oxşayır onu hər səhər.
Buludlar baş əyib, üstündən keçir,
Bakının anası İçərişəhər [5].
Vaqif Səmədoğlunun poetik dünyasında İçərişəhər təkcə məkansal yox, həm də ruhani və estetik dəyər daşıyan bir vahid kimi görünür. Dar küçələr, əyri dalanlar, qaranlıq gecələr şəhəri özündən alıb bir boşluğa, ucsuz-bucaqsız bir heçliyə aparır və bu heçlikdə şəhər yavaş-yavaş əriyib yox olur:
Əyri-üyrü dar küçələrin,
gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası,
küçələrini dolanan adamların
həmişə tənha səsi.
Gecələrinin
dünyada itən tarix tikəsi.
İçindən
Kommunist küçəsinə çıxan
təəccübüm.
Oğrularından qorxan cibim.
Ölüm ayağındadır indi,
biçarə şəhər,
İçəri şəhər (Vaqif Səmədoğlu).
Poeziyada olduğu kimi, nəsrdə də İçərişəhər bəzən milli müqavimət, bəzən də xalq həyatının gündəlik çalarlarını ifadə edən fon kimi təqdim olunur. İçərişəhərin labirintvari küçələri, daş evləri, meydanları, məscidləri və hamamları yazıçılar üçün zamanın durduğu, amma yaddaşın yaşadığı bir məkandır.
M.S. Ordubadinin əsərlərində, xüsusilə “Qanlı sənələr”də İçərişəhər həm müqavimət qalası, həm də azərbaycanlıların yaşamaq uğrunda mübarizəsinin fonu kimi çıxış edir. Bayırşəhərdə baş verən zorakılıq, neft burjuaziyasının mənəvi boşluğu, şəhərin yeni hissəsindəki yad ünsürlərlə müqayisədə, İçərişəhər yazıçı üçün milli ruhun sığınacağı kimi təsvir edilir.
Bədii əsərlərdə İçərişəhərin bəzi fiziki strukturları xüsusi poetik və ideoloji məna daşıyır: C.Cabbarlının “Qız qalası” poemasında Qız qalası qadın sirrinin, müqavimətin, eləcə də Bakının qədimliyinin simvolu kimi tədim edilir:
Quzğunun sahilində pək qocaman
Bir yapı, əski sirlər yuvası,
Sanki dalmış dərin düşüncələrə,
Duruyor sakitanə Qız qalası.
Bu yaxın keçmişin gözəl gəlini,
Baxıyor, sanki qəm büküb belini,
Qocalar tək həyatdan doymuş,
Baxıyor dövrəyə yarım uyumuş.
Ədəbiyyatda Şirvanşahlar sarayı – sülalə, dövlətçilik və mədəniyyətin zirvəsi, dar küçələr – zamanın izlərini daşıyan labirintlər, daş evlər və divarlar − möhkəmlik, müqavimət və mənəvi sabitlik obrazı kimi təqdim olunur.
İçərişəhər – unudulmaqdan qorunan yaddaş kimi müasir ədəbiyyatda (Elçin, Seyran Səxavət, Afaq Məsud və b.) xatirələrin, keçmişin, itirilmiş zamanın bədii obrazı kimi verilir. İçərişəhərə baxışda həm sevgi, həm də narahatlıq var – zaman onu dəyişir, turistləşdirir, yadlaşdırır, amma ədəbiyyat onu qoruyur.
Bəzən İçərişəhər insan duyğularının tərcümanına çevrilir, şəhər çırpıntılarını, həyəcanını, bəzən insana qəribə görünən laqeydliyini, asanlıqla ondan qopa bilmədiyini hiss etdirir: “-Sən İçərişəhərə oxşayırsan – bunu deyib qıza baxdım. Qız da təəccüblə mənə baxdı. – Hə. Sən İçərişəhərə oxşayırsan. Mən boş vaxtlarımda bura çox gəlirəm. Bilirsən niyə?! Çünki burdan bezmək olmur. Dar küçələrdə neçə ildir gəzirəm, amma heç vaxt buranın yolunu yadımda saxlaya bilmirəm, çünki eyni deyil. Qarışıqdı, rəngarəngdir, bir az da sirlidir. Sənin kimi”… [Seyidli].
İçərişəhər Azərbaycan bədii ədəbiyyatında yaddaşın qorunması, milli kimliyin təsdiqi və zamanın dəyərinin vurğulanması baxımından unikal və çoxqatlı bir məkandır.
Ədəbiyyatda Bayırşəhər anlayışı İçərişəhərdən fərqli olaraq təkamül, sosial təbəqələşmə, yadlaşma və modernliklə bağlı semantik yük daşıyır. Əgər İçərişəhər milli-mənəvi dəyərlərin və yaddaşın daşıyıcısı kimi görünürsə, Bayırşəhər çox vaxt təzadlar, sürətli dəyişikliklər və sosial konfliktlərin səhnəsi kimi təqdim olunur.
XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakıda neft sənayesi ilə paralel formalaşan Bayırşəhər yeni binalar, Avropa üslubunda tikililər, teatrlar, bulvar, fabriklər və burjua həyat tərzi ilə seçilirdi. Bu yeni məkan tipi Azərbaycan nəsrində və bəzən poeziyasında urban mühiti, yad mədəni təsirlər və sosial ayrı-seçkiliyin təcəssümü kimi çıxış edir.
Bayırşəhər ədəbi mətnlərdə tez-tez tənqidçi bir baxışla təqdim olunur. İsa Hüseynov və İlyas Əfəndiyev kimi yazıçılar öz əsərlərində bu məkanı müasir insanın təklənməsi, dəyərlərin itməsi və mexaniki həyata tabe olması kontekstində işləyiblər. İlyas Əfəndiyevin hekayələrində Bayırşəhər – “göz oxşayan, lakin ruhu soyuq” bir məkandır. Yeni şəhərin geniş küçələri, uca binaları, Avropa təmtərağı, eyni zamanda insanın öz keçmişindən qopmasına şərait yaradan bir sahə kimi əks olunur.
Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərində Bayırşəhərin strukturunun insan psixologiyası ilə necə əlaqələndirildiyini görmək mümkündür. Burada şəhər bir növ ictimai və fərdi ziddiyyətlərin güzgüsü rolunu oynayır. İnsanın öz içindəki təbəqələşmə ilə şəhər məkanının qat-qatlığı arasında paralel çəkilir.
Bayırşəhərin əsas simvolik elementləri bulvar – dənizlə şəhər arasında sərhəd, eyni zamanda düşüncə və yadlaşma məkanı, Avropa üslubunda binalar – zənginlik, lakin mənəvi boşluq təəssüratı, teatr və klub binaları – avropalaşmanın göstəriciləri, həm də ictimai sima, sənaye obyektləri və zavodlar – texniki tərəqqi və onun yaratdığı sosial ziddiyyətlərdə özünü göstərir.
Azərbaycan bədii ədəbiyyatında məkan anlayışı təkcə coğrafi göstərici deyil, həm də kulturoloji, semiotik və poetik bir simvol kimi təqdim olunur. İçərişəhər və Bayırşəhər bu baxımdan Bakının fiziki deyil, mənəvi xəritəsinin iki qütbünü təşkil edir. Araşdırma göstərdi ki, bu iki məkan ədəbi mətnlərdə yalnız zamanın və şəhərin müxtəlif dövrlərini deyil, eyni zamanda dəyərlərin, yaşam tərzlərinin, emosional və estetik duyumların təcəssümüdür.
Ədəbiyyat məkanları sadəcə təsvir etmir, onları düşünür, hiss edir, danışdırır. Azərbaycan yazıçısı üçün İçərişəhər ruhun sığınacağı, Bayırşəhər isə zamanla üz-üzə qalmaq məcburiyyətidir. İçərişəhər və Bayırşəhər bu baxımdan Azərbaycan bədii ədəbiyyatının ən dərin və çoxqatlı məkan obrazlarındandır. Bu iki məkana fərqli ədəbi yanaşmalar – lirik təsvir, satirik müşahidə, poetik paralel, simvolik təzad – Azərbaycan ədəbiyyatının şəhər poetikasını formalaşdırır və onu zənginləşdirir. Eyni zamanda, bu yanaşmalar ədəbiyyatın mədəni yaddaşı qorumaq və formalaşdırmaq funksiyasını bir daha təsdiqləyir.
İçərişəhər və Bayırşəhər – biri kök, o biri budaq; biri xatirə, o biri dəyişiklik; biri qoruq, o biri sınaqdır. Onların ədəbiyyatda qarşılaşması isə həm tarix, həm poetika, həm də insan varlığının zamanla münasibətinin ifadəsidir. Bu gün müasir Bakı qoşa qanadları – İşərişəhər və Bayırşəhərlə İlqar Fəhmi poeziyasında işi-şölü, zahiri-daxili, pisi-yaxşısı, acıs-şirini ilə tərənnüm olunur:
Bakı güldürən şəhərdi, Bakı ağladan şəhərdi,
Bakı sönməz atəşiylə sinə dağladan şəhərdi.
Bu tərəfdə göydələnlər, o tərəfdə boz uçuqlar,
Meşələr yerində sanki yerə sancılan buruqlar,
Ana torpağın döşündən qara süd içən cocuqlar,
Bakı ruh verən şəhərdi, Bakı can verən şəhərdi (İlqar Fəhmi).
Nazilə Abdullazadə,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, “Tərəqqi” medalı mükafatçısı



