
Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoyur. Bu bəyanat təkcə diplomatik nəzakət çərçivəsində deyil, həm də strateji tərəfdaşlığın real məzmununu əks etdirən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Xüsusilə İlham Əliyevin vurğuladığı məqamlar göstərir ki, iki ölkə arasında əlaqələr təsadüfi deyil, sistemli və davamlı xarakter daşıyır.
Prezident İlham Əliyev görüşlərin müntəzəmliyini qeyd edərək son dörd ildə dövlət başçıları səviyyəsində yeddi dəfə bir araya gəldiklərini xatırlatdı. Bu fakt özü-özlüyündə münasibətlərin dinamikliyini və qarşılıqlı marağın yüksək səviyyədə olduğunu nümayiş etdirir. İlham Əliyev xüsusilə 2019-cu ildə Zelenskinin Azərbaycana ilk səfərini və 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfəri xatırladaraq, şəxsi münasibətlərin dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı. Bu yanaşma bir daha göstərir ki, liderlərarası etimad siyasi əməkdaşlığın əsas sütunlarından biridir.Bəyanatda xüsusi vurğulanan digər mühüm istiqamət siyasi əməkdaşlığın möhkəm hüquqi bazasıdır. İlham Əliyev 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədlərini xatırladaraq, bu sənədlərin ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təsbit etdiyini bildirdi. Bu məqam hazırkı beynəlxalq şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək verməsi onların ortaq mövqelərini gücləndirir və qlobal siyasətdə koordinasiyanı artırır.
İlham Əliyev əməkdaşlığın praktiki nəticələrinə də diqqət çəkdi. Xüsusilə energetika sahəsində əlaqələrin genişləndirilməsi ön plana çıxarılıb. Azərbaycanın dövlət enerji şirkəti SOCARın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi bu əməkdaşlığın real nəticələrindən biridir. Prezident qeyd etdi ki, mövcud nailiyyətlərlə yanaşı, gələcək üçün də geniş imkanlar mövcuddur. Birgə investisiya layihələri və təşəbbüslər bu əlaqələrin daha da dərinləşəcəyini göstərir.Ticarət əlaqələri də İlham Əliyevin çıxışında mühüm yer tutdu. O, iki ölkə arasında ticarət dövriyyəsinin artıq yarım milyard dolları keçdiyini qeyd edərək, bunun hələ potensialın tam istifadə olunmadığını vurğuladı. Prezidentin fikrincə, mövcud imkanlar yaxın illərdə bu göstəricinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq. Bu isə iqtisadi əməkdaşlığın daha da şaxələndirilməsi üçün zəmin yaradır.
Bəyanatda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulması diqqət çəkir. İlham Əliyev qeyd etdi ki, həm Azərbaycan, həm də Ukrayna güclü hərbi sənaye kompleksinə malikdir və bu sahədə birgə istehsal üçün geniş imkanlar mövcuddur. Bu istiqamət yalnız müdafiə qabiliyyətinin artırılması baxımından deyil, həm də sənaye əməkdaşlığının inkişafı üçün mühüm perspektivlər açır.
Nəticə etibarilə, İlham Əliyevin bəyanatı Azərbaycan-Ukrayna münasibətlərinin strateji mahiyyətini, qarşılıqlı etimada əsaslanan tərəfdaşlığını və gələcəyə yönəlmiş əməkdaşlıq gündəliyini aydın şəkildə ifadə edir. Prezidentin vurğuladığı kimi, bu səfər iki ölkə arasında dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olmaqla yanaşı, regional və beynəlxalq səviyyədə əməkdaşlığın möhkəmlənməsinə də xidmət edir.
Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi


