AnalitikaDünyaGündəmSiyasət

İslam Həmrəyliyi və Azərbaycanın Humanist Xarici Siyasəti

Azərbaycan beynəlxalq münasibətlər sistemində hər zaman sülhün, birliyin və humanizmin güclü təbliğatçısı kimi çıxış edir. Prezident İlham Əliyevin Forumdakı çıxışında vurğulandığı kimi, ölkəmiz müsəlman dövlətləri arasında həmrəyliyi daim yüksək səviyyədə təşviq etmişdir. Gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısına ev sahibliyi edəcək olması müasir təlatümlü dövrdə böyük bir məsuliyyət və eyni zamanda qürur mənbəyidir. İndiyədək Azərbaycanda keçirilən tədbirlər və irəli sürülən beynəlxalq təşəbbüslər birbaşa olaraq həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət etmişdir.

Lakin təəssüflər olsun ki, hazırda dünyada və İƏT çərçivəsində arzuolunan həmrəylik tam şəkildə müşahidə olunmur. Yaxın Şərqdə, Körfəzdə və dünyanın digər bölgələrində gərginliyin artması, qarşılıqlı ittihamlar və müharibələr olduqca məyusedicidir. Azərbaycan tərəfi hesab edir ki, İslam Əməkdaşlıq Təşkilatı daxilindəki həmrəylik əslində qlobal təhlükəsizlik və sabitliyin əsas amilidir; daha çox anlaşma olarsa, münaqişələrin və çətin dönəmlərin sayı da azalacaqdır. Bu mənada, sülhü və sabitliyi öz gündəliyinin əsas prioriteti hesab edən həmfikir ölkələrin, o cümlədən İordaniya və Azərbaycanın səylərini birləşdirməsi çox vacib və müsbət nəticələrə gətirib çıxara bilər.

Azərbaycanın humanist xarici siyasəti təkcə siyasi bəyanatlarla məhdudlaşmır, həm də konkret addımlarla özünü təsdiqləyir. Dövlət başçısı qeyd etmişdir ki, Qoşulmama Hərəkatına sədrlik edildiyi dövrdə, xüsusən də COVID-19 pandemiyası zamanı Azərbaycan 80 ölkəyə humanitar yardım göstərmişdir. Həmin ölkələrin böyük əksəriyyəti isə məhz Afrika qitəsini təmsil edən dövlətlər idi. Ümumiyyətlə, Afrikada və dünyanın digər qaynar nöqtələrində sülhün qarşısını alan əsas amil xarici müdaxilələrdir. Azərbaycan inanır ki, kənar müdaxilələr aradan qalxarsa, sülh çox tezliklə bərqərar ola bilər və bəşəriyyət daha ədalətli, sülh içində yaşayan bir nizam qura bilər.

Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button