
Bir xalqın tarixini öyrənərkən bəzən bir şəhərin keçmişinə nəzər salmaq kifayət edir. Kəlbəcərin tarixində də Azərbaycan xalqının müxtəlif dövrlərdə yaşadığı hadisələrin izlərini görmək mümkündür. Bu torpağın qədim yaşayış məskənlərindən başlayaraq müasir dövrümüzə qədər keçdiyi yol həm tarixi, həm də insani baxımdan düşündürücüdür.
Kəlbəcər adının qədim türk dilində “çay üstündə qala” mənasını ifadə etdiyi göstərilir. Tərtər çayı boyunca yerləşən qədim mağaralar, 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 minillik qaya təsvirləri bölgənin zəngin keçmişindən xəbər verir. Müxtəlif dini inancların izlərini daşıyan daş abidələr də bu ərazinin tarixi əhəmiyyətini artırır. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərə 1930-cu ildə inzibati rayon statusu verilmişdir. Murovdağ, Dəlidağ, İstisu kimi adlar isə kəlbəcərlilərin gündəlik həyatının, doğma yurdla bağlı xatirələrinin ayrılmaz hissəsi olmuşdur.
1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə rayonun tarixində ağır bir dövr başladı. Minlərlə insan doğulduğu torpağı tərk etmək məcburiyyətində qaldı. İşğal zamanı 511 dinc sakin həyatını itirdi, 321 nəfər əsir götürüldü və ya itkin düşdü. Bu rəqəmləri oxuyarkən onların arxasında ayrı-ayrı insan talelərinin dayandığını unutmamalıyıq. Evini tərk edən insan özü ilə nə qədər əşya apara bilərdi? Bəs geridə qoyduğu ömrünü, uşaqlığını, doğmalarının məzarlarını necə özü ilə aparacaqdı?
İşğal nəticəsində məktəblər, kitabxanalar, xəstəxanalar, mədəniyyət müəssisələri və tarixi abidələr dağıdıldı. Kəlbəcər sakinləri respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşdılar. Müvəqqəti hesab edilən bu ayrılıq 27 il davam etdi. Həmin müddətdə bir nəsil dünyaya gəldi və öz doğma yurdunu yalnız böyüklərinin danışdıqlarından tanıdı.
1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb edilirdi. Qətnamənin uzun illər icra edilməməsi beynəlxalq hüquqi qərarların qəbul olunması ilə onların həyata keçirilməsi arasındakı fərqi açıq şəkildə göstərdi.
2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi mühüm hərbi əhəmiyyət daşıyırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə nəticəsində imzalanmış 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər Azərbaycana qaytarıldı. Bu nəticənin əldə olunmasında hərbi uğurlarla yanaşı, siyasi iradənin və diplomatik fəaliyyətin də böyük rolu oldu.
Kəlbəcərin azad olunması xəbərini eşidən insanların sevincini təsəvvür etmək çətin deyil. Ancaq bu günü görmək arzusu ilə yaşayıb dünyasını dəyişənlər də vardı. Onların xatirəsi, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi qarşısında bizim üzərimizə böyük məsuliyyət düşür. Qazanılmış zəfərin dəyərini anlamaq, onu qorumaq və gələcək nəsillərə doğru şəkildə çatdırmaq həmin məsuliyyətin bir hissəsidir.
Bu gün Kəlbəcərdə görülən işlərə nəzər saldıqda azadlığın insanların gündəlik həyatında necə öz əksini tapdığını görürük. 2040-cı ilədək inkişafı nəzərdə tutulan şəhərin Baş planına əsasən burada 17 min nəfərin yaşaması, yeni məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin yaradılması planlaşdırılır. Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması da doğma yurda qayıdışın davamı baxımından əhəmiyyətlidir.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşası, su elektrik stansiyalarının istifadəyə verilməsi bölgənin inkişafına yeni imkanlar yaradır. Vaxtilə müalicəvi suları ilə tanınan İstisuda mineral su zavodunun fəaliyyətə başlaması da sevindirici hadisədir. Bütün bunlar Kəlbəcərin iqtisadi həyatının bərpası ilə yanaşı, yerli əhalinin məşğulluğu üçün də əhəmiyyət daşıyır.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcərə köçən 20 ailəyə mənzillərinin açarlarını təqdim etdi. 2026-cı il noyabrın 6-dək isə Kəlbəcərdə 162 ailə, ümumilikdə 681 nəfər məskunlaşıb. Uzun illər başqa bölgələrdə yaşayan bir insan üçün doğma şəhərində öz evinin qapısını açmağın nə demək olduğunu, yəqin ki, ən yaxşı həmin həsrəti yaşayanlar izah edə bilərlər.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsis edilmişdir. Bu tarixin qeyd olunması təkcə azadlığın sevincini yaşamaq deyil, keçmişdə baş verənləri unutmamaq baxımından da vacibdir.
Bir tarixçi kimi düşünürəm ki, gələcək nəsillərə Kəlbəcərin tarixini öyrədərkən yalnız işğal və azad olunma tarixlərini əzbərlətməklə kifayətlənməməliyik. Onlara bu iki tarix arasında yaşanan insan talelərini, vətənə bağlılığın mahiyyətini də anlatmalıyıq. Çünki tarixi anlamaq hadisənin nə zaman baş verdiyini bilməkdən daha geniş anlayışdır.
İndi Kəlbəcərdə böyüyəcək uşaqlar doğma yurdlarını valideynlərinin həsrət dolu xatirələrindən deyil, öz uşaqlıqlarından tanıyacaqlar. Məncə, qazandığımız zəfərin ən qiymətli nəticələrindən biri də elə budur: bir nəslin yaşadığı həsrətin digər nəslin taleyinə çevrilməməsi. Mübarizə, uğrunda savaşa biləcəyin dəyərlərin olması bir xalqı ayaqda tutan ən böyük səbəbdir.
Mənzər Ağabəyova,
25 noyabr – Kəlbəcər şəhəri günü mübarək! Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi



