Kəlbəcər və Azərbaycanın yeni inkişaf strategiyası

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq siyasəti ölkənin iqtisadi və sosial inkişafında yeni mərhələnin əsasını qoyur. Bu strategiyanın mühüm istiqamətlərindən biri Kəlbəcərin potensialından səmərəli istifadə olunmasıdır. Rayonun əlverişli təbii imkanları, zəngin sərvətləri və strateji coğrafi mövqeyi onun gələcək inkişafı üçün geniş perspektivlər yaradır.
Kəlbəcər uzun illər işğal altında saxlanıldığı üçün iqtisadi və sosial inkişaf imkanlarından məhrum edilmişdi. Rayonda mövcud olan təsərrüfat infrastrukturu dağıdılmış, sənaye və xidmət sahələrinin fəaliyyəti dayanmışdı. İşğalın yaratdığı bu ağır nəticələrin aradan qaldırılması üçün dövlət tərəfindən kompleks yanaşma tətbiq olunur. Məqsəd yalnız əvvəlki vəziyyəti bərpa etmək deyil, daha müasir və dayanıqlı iqtisadi sistem qurmaqdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə yol, enerji, yaşayış və kommunal infrastruktur layihələri həyata keçirilir. Bu layihələr rayonun ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir, iqtisadi fəaliyyət üçün yeni imkanlar yaradır. Xüsusilə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun əhəmiyyəti bölgənin nəqliyyat əlçatanlığının və turizm potensialının artırılması baxımından böyükdür.
Kəlbəcərin iqtisadi inkişafında turizm, kənd təsərrüfatı, emal sənayesi və xidmət sahələri mühüm rol oynaya bilər. Rayonun təbii landşaftı, mineral su ehtiyatları və ekoloji imkanları ekoturizm və sağlamlıq turizminin inkişafı üçün əlverişli zəmin yaradır. Eyni zamanda yerli əhalinin məşğulluğunun təmin edilməsi və sahibkarlığın təşviqi bölgənin iqtisadi dayanıqlığını gücləndirəcək.
Kəlbəcərin inkişafı Azərbaycanın ümumi iqtisadi strategiyasının ayrılmaz hissəsidir. Burada yaradılan hər yeni müəssisə, çəkilən hər yol və salınan hər yaşayış məntəqəsi ölkəmizin gələcəyinə yönəlmiş sərmayədir. Kəlbəcər yaxın illərdə həm yaşayış, həm turizm, həm də iqtisadi fəaliyyət baxımından Azərbaycanın inkişaf edən bölgələrindən birinə çevrilmək potensialına malikdir.
Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

