AnalitikaGündəmSosial

Milli Mətbuatımız: Zəngin Tarixdən Müasir İnkişafa

Azərbaycan milli mətbuatının yaranması xalqımızın ictimai-siyasi və mədəni inkişaf tarixində mühüm dönüş nöqtələrindən biridir. 1875-ci il iyulun 22-də görkəmli maarifçi, publisist və ziyalı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız cəmiyyətin maariflənməsinə, milli özünüdərkin formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfələr vermişdir. Bu əlamətdar tarix hər il ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur və Azərbaycan jurnalistikasının keçdiyi şərəfli inkişaf yoluna ehtiramın ifadəsi kimi böyük əhəmiyyət daşıyır.

Ötən yüz əlli ilə yaxın müddətdə Azərbaycan mətbuatı müxtəlif tarixi mərhələlərdən keçərək zəngin inkişaf yolu qət etmişdir. Çətin və mürəkkəb dövrlərdə belə milli mətbuat öz əsas missiyasına sadiq qalaraq cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, ictimai rəyin formalaşdırılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynamışdır. Azərbaycan jurnalistləri həqiqətin, obyektivliyin və peşəkarlığın qorunması naminə daim fədakarlıq nümayiş etdirmiş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişlər.

Müstəqillik illərində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar söz və məlumat azadlığının təmin edilməsinə, müstəqil medianın inkişafına geniş imkanlar yaratmışdır. 1998-ci ildə senzuranın ləğvi ölkədə demokratik prinsiplərin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olmuş, mətbuatın daha sərbəst və peşəkar fəaliyyət göstərməsi üçün əlverişli şərait formalaşdırmışdır.

Bu siyasət bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə informasiya siyasətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və rəqəmsal medianın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Medianın inkişafına dövlət dəstəyinin gücləndirilməsi informasiya təhlükəsizliyinin təmin olunmasına, cəmiyyətin operativ və obyektiv məlumatlandırılmasına mühüm töhfə verir.

Müasir dövrdə informasiya məkanı sürətlə dəyişir və media qarşısında yeni vəzifələr müəyyənləşdirir. İnternet resurslarının, sosial media platformalarının və rəqəmsal texnologiyaların geniş yayılması jurnalistikanın fəaliyyət prinsiplərinə də təsir göstərmişdir. Bu şəraitdə operativliklə yanaşı, məlumatın dəqiqliyi, obyektivliyi və etibarlılığı daha böyük əhəmiyyət kəsb edir. Peşəkar jurnalistika cəmiyyətin düzgün məlumatlandırılmasının, dezinformasiyaya qarşı mübarizənin və milli maraqların qorunmasının əsas təminatçılarından biri kimi çıxış edir.

Azərbaycan mediası Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirərək ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm fəaliyyət göstərmişdir. Jurnalistlər informasiya cəbhəsində fəal mübarizə apararaq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, Ermənistanın yaydığı yalan məlumatların ifşa olunmasına və Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfələr vermişlər.

Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də söz azadlığının, maarifçiliyin və milli dəyərlərin təntənəsidir. Bu gün Azərbaycan mətbuatı dövlətçilik maraqlarına sadiq qalaraq cəmiyyətin inkişafına xidmət edir, ictimai həmrəyliyin möhkəmləndirilməsində, vətəndaşların obyektiv informasiya ilə təmin olunmasında mühüm rol oynayır. Milli mətbuatımızın zəngin ənənələrinin qorunaraq gələcək nəsillərə ötürülməsi, peşəkar jurnalistikanın daha da inkişaf etdirilməsi ölkəmizin informasiya siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və Azərbaycanın inkişafı naminə həyata keçirdikləri məsuliyyətli fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button