
Qloballaşan dünyada nəqliyyat əlaqələrinin inkişafı dövlətlər arasında iqtisadi və humanitar münasibətlərin genişlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda hava nəqliyyatı sahəsində əməkdaşlıq məsələsinə toxunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq bağlantı imkanları ilə seçilir. Kamboca ilə nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi isə iki ölkə arasında məsafənin yaratdığı çətinliklərin azaldılmasına və qarşılıqlı səfərlərin asanlaşdırılmasına kömək edə bilər.
Bəyanatda hər iki ölkənin mülki aviasiya qurumlarının nümayəndələri arasında görüşün təşkili və hava əlaqələri haqqında sazişin imzalanması imkanlarının müzakirə olunması diqqətə çatdırılıb. Belə bir sazişin həyata keçirilməsi üçün zəruri prosedurların razılaşdırılması hava nəqliyyatı sahəsində gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər. Birbaşa və ya daha əlverişli hava bağlantılarının yaradılması işgüzar səfərlərin təşkilini, turist axınının genişlənməsini və sahibkarlar arasında ünsiyyətin intensivləşdirilməsini asanlaşdıra bilər. Nəqliyyat imkanlarının inkişafı eyni zamanda iqtisadi layihələrin həyata keçirilməsi və iki ölkənin biznes dairələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.
Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət ölkəmizin regional və qlobal iqtisadi proseslərdə iştirakını gücləndirir. Kamboca ilə hava nəqliyyatı sahəsində əməkdaşlıq perspektivlərinin araşdırılması bu siyasətin yeni istiqamətlər üzrə inkişafı üçün imkanlar yaradır. Müasir dövrdə məsafələr yalnız coğrafi anlayış deyil, həm də kommunikasiya, məlumat və nəqliyyat imkanları ilə bağlı məsələdir. Bu maneələrin aradan qaldırılması dövlətlər arasında əlaqələrin daha sıx qurulmasına şərait yaradır. Prezident İlham Əliyevin bəyanatında səslənən fikirlər göstərir ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqların inkişafında praktiki nəticələrə, qarşılıqlı əlçatanlığa və davamlı əlaqələrin yaradılmasına xüsusi əhəmiyyət verir.
Siyasət Həsənov ,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



