AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Naxçıvan səfərinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı, təhlükəsizliyi və regional mövqeyinin gücləndirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Səfərin miqyası və çərçivəsində həyata keçirilən tədbirlər göstərir ki, Naxçıvanın inkişafı artıq ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmır, vahid və uzunmüddətli strategiyanın tərkib hissəsi kimi nəzərdən keçirilir.

Səfər zamanı yeni sosial və iqtisadi layihələrin təməlqoyma mərasimlərinin keçirilməsi, müxtəlif obyektlərin açılışı və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi diqqət çəkir. Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində də qeyd etdiyi kimi, Naxçıvana bu, artıq 17-ci səfərdir və hər səfər konkret nəticələrlə müşayiət olunur. Bu fakt dövlət başçısının muxtar respublikanın inkişafına davamlı və sistemli yanaşmasının göstəricisidir.

Səfərin mühüm istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Naxçıvanda yeni generasiya və bərpaolunan enerji layihələrinin həyata keçirilməsi regionun enerji potensialını artırmaqla yanaşı, onun gələcəkdə enerji ixracında iştirak imkanlarını da genişləndirir. Bu yanaşma Naxçıvanın yalnız enerji təminatına ehtiyacı olan ərazi deyil, Azərbaycanın regional enerji strategiyasında fəal rol oynayan mərkəz kimi formalaşdırılmasına xidmət edir.

Digər strateji istiqamət sənaye və məşğulluğun inkişafıdır. Naxçıvan Sənaye Parkının yaradılması iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsalın artırılması və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə layihələr muxtar respublikanın daxili iqtisadi imkanlarını genişləndirməklə yanaşı, investisiya cəlbediciliyinin yüksəlməsinə də zəmin yaradır.

Nəqliyyat-kommunikasiya məsələsi isə Naxçıvanın gələcək geoiqtisadi rolunu müəyyənləşdirən əsas amillərdəndir. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycanla quru bağlantısının təmin edilməsi ilə yanaşı, regionu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm halqasına çevirə bilər. Bu baxımdan Naxçıvanın coğrafi mövqeyi artıq məhdudlaşdırıcı amildən daha çox strateji üstünlüyə çevrilməkdədir.

Səfərdə sosial siyasət və mədəni irs məsələlərinin də ön plana çıxması inkişaf anlayışının kompleks xarakterini nümayiş etdirir. Sosial evlər, müasir xidmət infrastrukturu, abadlıq layihələri və tarixi-mədəni abidələrin bərpası iqtisadi tərəqqinin insan amili və milli-mədəni dəyərlərlə paralel aparıldığını göstərir.

Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana 11 avqust səfəri strateji baxımdan bir neçə istiqaməti birləşdirən mühüm mərhələdir. Təhlükəsizlik, enerji, sənaye, nəqliyyat, sosial rifah və mədəni irsin qorunması vahid inkişaf konsepsiyasında tamamlanır. Bu proses Naxçıvanın Azərbaycanın siyasi-iqtisadi həyatında rolunu daha da artırmaqla yanaşı, onun regional əməkdaşlıq və Avrasiya bağlantılarında əhəmiyyətli mərkəzə çevrilməsi üçün yeni imkanlar yaradır.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button