AnalitikaDünyaGündəmSiyasət
Trend

Rəşadət Xalıqov: Prezident İlham Əliyevin son müsahibəsi Azərbaycan–Özbəkistan strateji ittifaqının gələcək inkişaf perspektivlərini, eyni zamanda türk dünyasında sülh, sabitlik və əməkdaşlığa verdiyi töhfəni ortaya qoyur

“Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə Azərbaycan və Özbəkistan arasındakı müttəfiqlik münasibətlərinin hazırkı mərhələsini və gələcək inkişaf istiqamətlərini özündə əks etdirən mühüm konseptual mənbə kimi diqqəti cəlb edir. Müsahibədə səsləndirilən fikirlərin təhlili göstərir ki, iki ölkə arasındakı əlaqələr ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanaraq tamamilə yeni məzmun qazanıb və ən yüksək pilləyə yüksəlib. Prezident İlham Əliyev xüsusi olaraq vurğulayır ki, bu müttəfiqliyin inkişafında onunla Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad həlledici rol oynayır”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində xüsusi toxunduğu məqamlardan biri dövlətlərarası siyasi dialoqun misli görünməmiş intensivliyidir. Son beş ildə ən yüksək səviyyədə həyata keçirilən 15 qarşılıqlı səfər və bu xüsusda 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri əlaqələrimizin təbii müttəfiqlik xarakterini rəsmiləşdirib. Prezident İlham Əliyevin diqqət çəkdiyi digər bir məsələ isə bu münasibətlərin 2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura vasitəsilə mühüm institusional mexanizmə çevrilməsidir. Müsahibədən bəlli olur ki, siyasi müttəfiqlik öz hədəflərinə iqtisadi inteqrasiya vasitəsilə çatır. Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə üç dəfədən çox artaraq 795 milyon dollara, 2026-cı ilin yanvar-may aylarında isə 33 faiz artaraq 144 milyon dollara çatıb. Prezident İlham Əliyev müsahibəsində 500 milyon ABŞ dolları kapitallı Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyətini xüsusi qeyd edərək, ölkəmizdə 130-dan çox Özbəkistan investisiyalı şirkətin uğurla fəaliyyət göstərdiyini bildirir. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan şirkətlərinin, o cümlədən “PASHA Holding”in Daşkənddə həyata keçirdiyi iri layihələri, eləcə də Füzulidə salınan “Dostluq bağı” və avtomobil istehsalı sahəsindəki birgə layihələri iqtisadi tərəfdaşlığın bariz nümunəsi kimi təqdim edir.

“Prezident İlham Əliyevin müsahibəsində toxunduğu digər strateji istiqamət nəqliyyat və enerji sahəsidir. Tranzit daşımalarının 2025-ci ildə 1,4 milyon tona çatması iki ölkənin Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevrildiyini təsdiqləyir. Prezident İlham Əliyev Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə inteqrasiyasının bütün region üçün yeni imkanlar açacağını qeyd edir. Həmçinin, müsahibədə 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın iştirakı ilə təsis edilmiş “Yaşıl Dəhliz Birliyi”nin əhəmiyyəti xüsusi vurğulanır və bunun bərpaolunan enerjinin Xəzər dənizi vasitəsilə ixracında həlledici addım olduğu aydın görünür”.

“Müsahibənin ən təsirli məqamlarından biri mədəni-humanitar əlaqələrə və ortaq türk irsinə həsr olunan hissədir. Prezident İlham Əliyev Özbəkistanın təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına orta məktəbi qardaşlıq münasibətlərinin ən parlaq təzahürü kimi dəyərləndirir. Prezident İlham Əliyevin xüsusi olaraq diqqət yönəltdiyi məsələlərdən biri də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki birgə fəaliyyətdir. Prezident İlham Əliyev həmçinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində Azərbaycanın fəal iştirakı ilə bu formatın “C6”ya çevrilməsini və regional dialoqun yeni miqyas qazanmasını müttəfiqliyimizin beynəlxalq arenadakı mühüm nəticəsi kimi xarakterizə edir”. – deyən Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin müsahibəsində irəli sürülən tezislərin ümumi mənzərəsi göstərir ki, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər geniş Avrasiya məkanında və türk dünyasında sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasına xidmət edən qüdrətli bir strateji ittifaqdır. Prezident İlham Əliyevin bu müsahibəsi sözügedən ittifaqın gələcək onilliklər üçün inkişaf xəritəsini cızır.

Oxşar Xəbərlər

Back to top button