AnalitikaGündəmSiyasət

Tarixi dostluq və qarşılıqlı etimad müasir əməkdaşlığın möhkəm təməlidir

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq əməkdaşlıq strategiyasının və dost dövlətlərlə münasibətlərin inkişafına verdiyi önəmin növbəti təzahürü kimi diqqət çəkir.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Vyetnam arasında münasibətlərin tarixi köklərinə, siyasi dialoqun mövcud vəziyyətinə, iqtisadi-ticari əlaqələrə, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlığın perspektivlərinə geniş yer ayırıb. Prezident İlham Əliyevin fikirləri göstərir ki, hər iki ölkə arasında formalaşmış dostluq münasibətləri artıq yeni məzmun və daha geniş strateji hədəflərlə zənginləşir.
Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan ilə Vyetnam arasında siyasi dialoqun ardıcıl inkişafıdır. Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq təşkilatlar daxilində də fəal əməkdaşlıq edirlər.
Dövlət başçısının Vətən müharibəsi dövründə Vyetnamın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində tutduğu mövqeyə görə minnətdarlığını ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, ədalətə və dövlətlərin suveren hüquqlarına verdiyi önəmi bir daha nümayiş etdirir.
Azərbaycan-Vyetnam əlaqələrinin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır. Prezident İlham Əliyev müsahibəsində enerji, sənaye, kənd təsərrüfatı, tikinti və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.Bu baxımdan SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı istiqamətlərində qarşılıqlı fəaliyyət üçün yeni perspektivlər açır.
Müsahibədə Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu da xüsusi vurğulanıb. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu sahədə müsbət dinamikanı göstərir.
Prezident İlham Əliyev Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərinin imkanlarından istifadə etməklə Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların genişləndirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Bu perspektiv Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkələr arasında iqtisadi əlaqələrin inkişafına da xidmət edəcək.
Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Prezident İlham Əliyev bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Fondun Vyetnamda təhsil və sosial infrastruktur layihələrinə dəstəyi, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycan-Vyetnam münasibətləri böyük inkişaf potensialına malikdir. Dövlət başçısının qarşıdakı rəsmi səfərlə bağlı gözləntiləri də məhz bu potensialın reallaşdırılması, iqtisadi və siyasi əlaqələrin daha da genişləndirilməsi ilə bağlıdır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın müstəqil, çoxşaxəli və praqmatik xarici siyasətinin mühüm istiqamətlərini özündə əks etdirir. Müsahibə bir daha təsdiqləyir ki, Azərbaycan beynəlxalq münasibətlərdə dostluq, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsiplərinə sadiqdir.
Əminliklə demək olar ki, Azərbaycan ilə Vyetnam arasında mövcud olan tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri qarşıdakı illərdə daha da möhkəmlənəcək, yeni iqtisadi, siyasi və humanitar layihələrlə zənginləşərək hər iki xalqın rifahına xidmət edəcək.

Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button