Tarixin şanlı qələbəsi – 20 Noyabr Ağdam şəhərinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan tarixi bir gün

20 noyabr tarixi Azərbaycan xalqının tarixinə əlamətdar bir gün kimi daxil oldu. Bu tarix Qarabağ uğrunda Azərbaycan xalqının keçdiyi çətin yolun, mübarizənin və əzmkarlığın simvoludur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünün bərpası Ağdam kimi qədim bir yurdun yenidən canlanmasına və dirçəlməsinə zəmin yaratdı. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olundu.
Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılmışdır. Nəhayət, 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilmiş, həmin gün Azərbaycan Ordusu Ağdam şəhərinə daxil olmuş və üçrəngli bayrağımızı şəhərin ən uca yerinə sancmışdılar.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də xalqa müraciət edərək bütün ağdamlıları təbrik edərək demişdir: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür”.
Nəhayət, 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi ilə əlaqədar olaraq lokal anti-terror tədbirlərinə başlanmışdır. Qeyd etdiyimiz tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edildi.
Selcan Qarayeva,
Nizami rayonunun fəal gənci



