AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyev – Yeni Azərbaycan Partiyasının qurucusu və xalqın xilaskarıdır

1992-ci il noyabrın 21-i Azərbaycan xalqının siyasi tarixində mühüm və əlamətdar hadisə kimi yadda qalıb. Həmin gün Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkənin mürəkkəb ictimai-siyasi şəraitində milli dövlətçilik maraqlarının müdafiəsi, siyasi sabitliyin təmin olunması və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının yaranması xalqın arzu və istəyinin, milli maraqların qorunmasına yönəlmiş siyasi iradəsinin təzahürü idi.

1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə, idarəetmədəki səriştəsizlik və ölkənin üzləşdiyi ciddi təhlükələr cəmiyyətdə güclü siyasi liderə və sağlam siyasi qüvvəyə ehtiyac yaratmışdı. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmış, ölkədə xaos və anarxiya dərinləşmişdi. Belə bir tarixi şəraitdə xalqın böyük əksəriyyəti Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını zəruri hesab edirdi.
Bu zərurətdən irəli gələrək Azərbaycanın müxtəlif bölgələrindən olan 91 nəfər ziyalı 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. “91-lər”in müraciəti ölkədə yeni siyasi təşkilatın yaradılması təşəbbüsünün əsasını qoydu
Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verərək yeni siyasi partiyanın yaradılmasına razılıq verdi. Nəticədə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi.
Yeni Azərbaycan Partiyasının yaranması yalnız yeni siyasi təşkilatın meydana gəlməsi deyildi. Bu, eyni zamanda, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi və xalqın gələcəyə inamının bərpası istiqamətində atılmış mühüm tarixi addım idi. Partiya qısa müddət ərzində cəmiyyətdə böyük nüfuz qazandı və geniş xalq kütlələrinin dəstəyini əldə etdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi və Azərbaycanın gələcək inkişafının möhkəm təməli yaradıldı. Yeni Azərbaycan Partiyası da bu tarixi prosesdə aparıcı siyasi qüvvə kimi mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edib, beynəlxalq mövqelərini möhkəmləndirib, iqtisadi və siyasi gücünü artırıb. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev partiyanın tarixi missiyasını yüksək qiymətləndirərək bildirmişdir: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.” Bu fikir partiyanın yaranmasının Azərbaycanın sonrakı uğurlarında oynadığı mühüm rolu aydın şəkildə ifadə edir. Dövlət başçısı, həmçinin ölkənin son illər ərzində qazandığı uğurlarda partiya fəallarının böyük töhfəsinin olduğunu xüsusi vurğulamışdır.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Yeni Azərbaycan Partiyasının siyasi tarixində də yeni mərhələ açıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. Bu tarixi nailiyyət Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir.
Partiyanın geniş üzvlük bazası onun cəmiyyətdəki nüfuzunun, xalqın siyasi kursa olan etimadının və təşkilati gücünün göstəricisidir. Müxtəlif peşə və yaş qruplarını təmsil edən partiya üzvləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlət siyasətinin təbliğinə və milli maraqların qorunmasına öz töhfələrini verirlər.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı kimi strateji istiqamətlər təşkil edir. Bu prinsiplər partiyanın ideoloji əsaslarını müəyyənləşdirməklə yanaşı, Azərbaycanın uzunmüddətli inkişaf hədəflərinə də xidmət edir.
Partiyanın qazandığı uğurlar, seçkilərdə əldə etdiyi nəticələr və cəmiyyətdə artan nüfuzu xalqın Yeni Azərbaycan Partiyasına göstərdiyi yüksək etimadın göstəricisidir. Bu etimadın qorunması və daha da möhkəmləndirilməsi partiyanın hər bir üzvünün üzərinə mühüm məsuliyyət qoyur. Xüsusilə gənclərin siyasi və ictimai proseslərdə fəallığının artırılması, milli-mənəvi dəyərlərin qorunması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi partiyanın qarşısında duran əsas vəzifələrdəndir.
Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi, qurultay yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilmişdir. Bu reallıq Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr müəyyənləşdirir. Müasir dövrdə partiyanın əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanın davamlı inkişafına, milli birliyin möhkəmləndirilməsinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasına töhfə verməkdir.
21 noyabr 1992-ci ildə əsası qoyulan Yeni Azərbaycan Partiyası bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə öz siyasi fəaliyyətini uğurla davam etdirir. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyinin inkişafı və milli maraqlarının qorunması ilə sıx bağlıdır.
Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü təkcə bir siyasi təşkilatın tarixinin qeyd olunması deyil, həm də Azərbaycan dövlətçiliyinin mühüm mərhələlərini, xalqımızın birlik və həmrəylik iradəsini xatırladan əlamətdar gündür. Bu gün partiyanın hər bir üzvü üçün Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına dəstək və Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi naminə məsuliyyətli fəaliyyət deməkdir.

Eldar Əsədov,    
YAP Tərtər rayon təşkilatının sədri 

Oxşar Xəbərlər

Back to top button