AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı: siyasi sabitlik və milli dövlətçiliyin möhkəmləndirilməsi

YAP VIII Qurultayı Azərbaycanın son onilliklərdə formalaşdırdığı siyasi sabitlik modelinin yeni tarixi şəraitdə davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Siyasi sabitlik təsadüfi nəticə deyil, ardıcıl dövlət siyasətinin, güclü institutların və cəmiyyətin milli maraqlar ətrafında səfərbər olunmasının nəticəsidir. Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı mürəkkəb proseslər fonunda sabitliyin qorunması dövlətçiliyin əsas məsələsinə çevrilmişdi. Bu gün isə sabitlik ölkənin sosial-iqtisadi inkişafını, investisiya siyasətini və beynəlxalq mövqeyini təmin edən əsas amillərdən biridir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin qorunması istiqamətində fundamental dönüş yarandı. Ulu Öndər Heydər Əliyev siyasi sabitliyi yalnız asayiş məsələsi kimi deyil, dövlətin strateji inkişafının ilkin şərti kimi qiymətləndirirdi. Dövlət institutlarının möhkəmləndirilməsi, idarəetmədə məsuliyyətin artırılması və milli maraqların siyasi fəaliyyətin mərkəzinə gətirilməsi sonrakı inkişaf üçün möhkəm təməl yaratdı. Bu siyasi xəttin davamlılığı Azərbaycanın qarşılaşdığı müxtəlif daxili və xarici çağırışlara daha hazırlıqlı reaksiya verməsinə imkan verdi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə siyasi sabitlik iqtisadi inkişaf, hərbi güc və diplomatik fəallıqla tamamlandı. Ölkənin iqtisadi imkanlarının genişləndirilməsi, müdafiə qabiliyyətinin yüksəldilməsi və beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi dövlətin dayanıqlılığını artırdı. Ərazi bütövlüyünün və suverenliyin bərpası isə uzunmüddətli siyasi strategiyanın ən mühüm nəticələrindən biri oldu. Beləliklə, sabitlik artıq yalnız qorunmalı dəyər deyil, yeni inkişaf mərhələsinin əsas dayağına çevrilib.

YAP bu siyasi sabitliyin ictimai dayaqlarının möhkəmləndirilməsində xüsusi məsuliyyət daşıyır. Partiyanın təşkilati strukturları və fəalları cəmiyyətlə dövlət arasında siyasi ünsiyyətin mühüm kanallarından biri kimi çıxış edə bilər. Vətəndaşların gözləntilərinin öyrənilməsi, sosial problemlərin siyasi gündəliyə gətirilməsi və dövlət siyasətinin mahiyyətinin izah edilməsi siyasi sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu fəaliyyət xüsusilə yeni sosial və informasiya reallıqları nəzərə alınmaqla həyata keçirilməlidir.

YAP VIII Qurultayı beləliklə Azərbaycanın siyasi sabitlik modelinin yeni mərhələsini müəyyənləşdirən mühüm hadisədir. Dövlətin qarşısında duran əsas məqsəd əldə edilmiş sabitliyi qorumaqla yanaşı, onu daha yüksək inkişaf səviyyəsinə çevirməkdir. Milli birlik, güclü dövlətçilik və məsuliyyətli siyasi təşkilatlanma bu məqsədin əsas şərtləridir. YAP-ın gələcək fəaliyyəti də məhz bu strateji istiqamətlərin ictimai-siyasi dayaqlarını gücləndirməyə xidmət etməlidir.

Əminə Kərimova,
YAP Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 34” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button