AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının Təsis Konfransı və Azərbaycan Dövlətçiliyinin Siyasi İnkişafında Yeni Mərhələ

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Ölkənin mürəkkəb ictimai-siyasi şəraitdən keçdiyi, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükələrlə üzləşdiyi bir dövrdə yeni siyasi təşkilatın yaradılması cəmiyyətdə siyasi sabitlik, milli birlik və güclü dövlətçilik ideyalarına olan ehtiyacın nəticəsi idi.

Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü 1992-ci ilin oktyabrında 91 nəfər tanınmış Azərbaycan ziyalısının Ümummilli Lider Heydər Əliyevə müraciəti ilə başlamışdır. Ümummilli Lider Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda bu təşəbbüsə müsbət münasibət bildirmiş və partiyanın yaradılmasına razılıq vermişdir. Nəticədə, noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə təsis konfransı keçirilmişdir.

Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edilmiş, təşkilatın Proqramı və Nizamnaməsi təsdiqlənmiş, rəhbər orqanları formalaşdırılmışdır. Ümummilli Lider Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsi təşkilatın gələcək siyasi fəaliyyətinin istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır.

YAP-ın siyasi fəaliyyətinin əsas istiqamətlərini dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, hüquqi və demokratik dövlət quruculuğu, ictimai-siyasi sabitliyin təmin edilməsi və sosial-iqtisadi inkişafın dəstəklənməsi təşkil edirdi. Partiyanın yaranması Azərbaycanın çoxpartiyalı siyasi sisteminin inkişafı və siyasi təşkilatlanma prosesinin genişlənməsi baxımından da əhəmiyyətli mərhələ hesab olunur.

Yeni Azərbaycan Partiyasının təsis konfransı yalnız yeni siyasi təşkilatın yaradılması ilə məhdudlaşmayan, eyni zamanda, ölkənin gələcək siyasi inkişaf istiqamətlərinə təsir göstərən tarixi hadisə olmuşdur. Bu baxımdan 21 Noyabr 1992-ci il Azərbaycan dövlətçilik tarixində siyasi təşkilatlanma, milli həmrəylik və müstəqil dövlət quruculuğu baxımından əlamətdar tarix kimi qiymətləndirilir.

Zəhra Əhmədli,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button