
YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Təhsil İdarəsinin Tərtər – Ağdərə rayonları üzrə Təhsil Sektorunun təçkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Zəfərə gedən yolun qəhrəmanları” adlı inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun mərhələsi isə Uşaq Gənclər Şahmat məktəbində olub. 1 akademik saat vaxt ayrılan yekun turda 47 ümumtəhsil məktəbindən 41 nəfər şagird iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova, YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev çıxış edərək, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər.
Sonra Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova müsabiqənin şərtləri haqqında şagirdlərə ətraflı məlumat verib və inşa yazı müsabiqəsinə start verilib.
Müsabiqənin qalibləri müəyyən olunduqdan sonra I,II,III yerin sahibləri rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən diplomla mükafatlandırılacaqlar.




