Cıdır düzü – azadlığın və milli qürurun ünvanı
Şuşa dedikdə ilk növbədə göz önünə şəhərin möhtəşəm mənzərələri, tarixi küçələri və Cıdır düzü gəlir. Bu məkan Azərbaycan xalqının yaddaşında yalnız təbiət gözəlliyi ilə deyil, həm də milli mənəviyyatımızın, mədəniyyətimizin və qürurumuzun rəmzi kimi yaşayır. Cıdır düzü əsrlər boyu xalqımızın sevincinə, mədəni tədbirlərinə və tarixi ənənələrinə şahidlik edib.
Şuşanın işğal edilməsi ilə Cıdır düzü də uzun illər xalqımızın həsrətinə çevrildi. Lakin Azərbaycan xalqı bu müqəddəs məkanı heç vaxt unutmadı. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Şuşanın azad edilməsi ilə Cıdır düzündə yenidən üçrəngli Bayrağımızın dalğalanması üçün tarixi şərait yarandı. Bu hadisə milli qürurumuzun bərpasının ən parlaq ifadələrindən biri oldu.
Prezident İlham Əliyev Şuşada, Cıdır düzündə etdiyi çıxışında bu məkanın Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətini vurğulayıb. Dövlət başçısının Şuşanın azad edilməsindən sonra burada olması xalqımızın tarixi torpaqlarına qayıdışının rəmzinə çevrildi. Cıdır düzü bir daha sübut etdi ki, Azərbaycan xalqı öz tarixinə, mədəniyyətinə və torpaqlarına sahib çıxmaq əzmindədir.
Bu gün Cıdır düzündə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, müxtəlif mədəniyyət tədbirləri və mərasimlər şəhərin həyatına yeni nəfəs verir. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar burada Azərbaycan musiqisini, incəsənətini və milli ənənələrini yaxından tanıyırlar. Belə tədbirlər Şuşanın beynəlxalq mədəniyyət məkanındakı mövqeyini daha da gücləndirir.
Cıdır düzü artıq yalnız Şuşanın deyil, bütövlükdə Azərbaycanın azadlıq və qələbə rəmzidir. Burada dalğalanan Bayraq xalqımızın mübarizliyini, dövlətimizin gücünü və milli birliyimizi təcəssüm etdirir. Şuşa Şəhəri Günü münasibətilə Cıdır düzünün azadlığı uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla yad edirik.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



