AnalitikaGündəmSiyasət

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin hüquqi əsaslarını, milli suverenliyimizi, insan hüquq və azadlıqlarını, cəmiyyətin və dövlətin inkişaf prinsiplərini müəyyən edən ali hüquqi sənəddir. Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü Azərbaycanın müstəqil dövlət kimi formalaşması və hüquqi dövlət quruculuğu tarixində mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələlərdən biri 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilməsi olmuşdur. Konstitusiyanın hazırlanması və qəbul edilməsi prosesi Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir. Bu tarixi sənəd müstəqil Azərbaycanın hüquqi, siyasi və demokratik inkişafının fundamental əsaslarını müəyyən etmişdir. Konstitusiya dövlətin idarəetmə sistemini, hakimiyyət qollarının fəaliyyət prinsiplərini, vətəndaşların hüquq və vəzifələrini, eləcə də dövlət və cəmiyyət arasındakı münasibətləri tənzimləyir. Onun əsas prinsiplərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasıdır. Yaşamaq, təhsil almaq, əmək, mülkiyyət, söz və vicdan azadlığı kimi fundamental hüquqlar Konstitusiyada öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyası yalnız hüquqi normalar toplusu deyil, həm də dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, milli birliyin və gələcək inkişaf strategiyasının hüquqi ifadəsidir. Zaman keçdikcə ölkədə baş verən siyasi, iqtisadi və sosial dəyişikliklər nəzərə alınaraq Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilmiş, dövlət idarəçiliyinin hüquqi mexanizmləri təkmilləşdirilmişdir.

2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası ölkənin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu hadisələr dövlət suverenliyinin, konstitusion quruluşun və qanunun aliliyinin əhəmiyyətini bir daha ön plana çıxarmışdır. Konstitusiyaya hörmət hər bir vətəndaşın hüquqlarını bilməsi, öz vəzifələrini dərk etməsi, qanunlara riayət etməsi və dövlət qarşısında məsuliyyətini anlaması deməkdir. Hüquqi dövlətin möhkəmlənməsi yalnız qanunların mövcudluğu ilə deyil, həm də onların cəmiyyətin hər bir üzvü tərəfindən qorunması və gündəlik həyatda tətbiqi ilə mümkündür. Konstitusiya müstəqil dövlətimizin hüquqi dayağı, vətəndaşlarımızın hüquq və azadlıqlarının təminatçısı, milli dövlətçiliyimizin gələcəyə uzanan təməlidir. Onun prinsiplərinə hörmət etmək hər birimizin dövlətçilik və vətəndaşlıq məsuliyyətidir.

Aycan Nazarova ,
YAP Yasamal Rayon Təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button