Gündəm

Şuşanın azad edilməsi – Azərbaycan hərb tarixində yeni səhifə

Hər bir dövlətin tarixində onun hərbi qüdrətini və xalqının iradəsini nümayiş etdirən mühüm hadisələr mövcuddur. Şuşanın azad edilməsi Azərbaycan hərb tarixində belə hadisələrdən biridir. Bu əməliyyat yalnız hərbi uğur deyil, həm də yüksək döyüş hazırlığının, peşəkarlığın və Vətən sevgisinin təntənəsi kimi yadda qalıb.

Şuşanın yerləşdiyi coğrafi ərazi şəhərin hərbi baxımdan müdafiəsini mürəkkəbləşdirirdi. Sıldırım qayalar, sıx meşələr, dərin dərələr və dar dağ keçidləri hücum əməliyyatlarının həyata keçirilməsini çətinləşdirirdi. Azərbaycan Ordusunun hərbçiləri bütün bu maneələri aşaraq şəhərə doğru irəlilədilər. Onların nümayiş etdirdiyi döyüş məharəti müasir hərb tarixində xüsusi diqqət çəkən nümunələrdən birinə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar və müasir hərbi texnologiyaların tətbiqi Vətən müharibəsində mühüm nəticələr verdi. Ordumuzun maddi-texniki təminatının gücləndirilməsi, peşəkar hərbi kadrların yetişdirilməsi və döyüş hazırlığının artırılması qələbənin əsas şərtlərindən oldu. Şuşa əməliyyatı bu inkişafın parlaq göstəricisi kimi tarixə düşdü.

Şəhərin azad olunması Azərbaycan hərbçilərinin yüksək mənəvi ruhunu da nümayiş etdirdi. Əsgər və zabitlərimiz qarşılarına qoyulan müqəddəs məqsədə çatmaq üçün böyük fədakarlıq göstərdilər. Onlar Vətən torpağının hər qarışını azad etmək naminə öz həyatlarını təhlükəyə ataraq qəhrəmanlıq nümunəsi yaratdılar. Bu qələbənin arxasında minlərlə insanın əzmi və fədakarlığı dayanır.

Şuşa əməliyyatı Azərbaycan Ordusunun tarixində daim öyrəniləcək və gələcək nəsillərə çatdırılacaq qəhrəmanlıq nümunəsidir. Şuşa Şəhəri Günü münasibətilə hərb tariximizə qızıl hərflərlə yazılmış bu Zəfəri qürurla qeyd edir, şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.

Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button