Gündəm

Azərbaycan Konstitusiyasında insan hüquqları və azadlıqları

İnsan hüquq və azadlıqlarının qorunması müasir demokratik dövlətin əsas göstəricilərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyası insanı, onun hüquq və azadlıqlarını ali dəyər kimi qəbul edən hüquqi prinsipləri özündə birləşdirir. Əsas Qanunda vətəndaşların bərabərliyi, yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək və digər fundamental hüquqları təsbit edilmişdir.

1995-ci ildə qəbul edilmiş Konstitusiyada insan hüquqlarına geniş yer ayrılması müstəqil Azərbaycanın demokratik inkişaf yolunu seçdiyini göstərirdi. Əsas Qanunun mühüm hissəsi məhz insan və vətəndaş hüquqlarına, onların təminatlarına və müdafiə mexanizmlərinə həsr olunmuşdur. Bu yanaşma dövlətin fəaliyyətində insan amilinin prioritet olduğunu nümayiş etdirir.

Hüquqların konstitusion səviyyədə tanınması onların real həyatda təmin olunması üçün hüquqi zəmin yaradır. Dövlət orqanlarının fəaliyyəti, qanunvericilik aktlarının hazırlanması və məhkəmə müdafiəsi mexanizmləri Konstitusiyanın müəyyən etdiyi prinsiplərə uyğun həyata keçirilməlidir. Hüquqi dövlətin əsas mahiyyəti də məhz bu prinsiplərin gündəlik həyatda işlək olmasından ibarətdir.

Azərbaycan müstəqillik illərində insan hüquqlarının müdafiəsi sahəsində hüquqi və institusional mexanizmləri inkişaf etdirmişdir. Müxtəlif dövrlərdə həyata keçirilən islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və dövlət xidmətlərinin müasirləşdirilməsi vətəndaşların hüquqlarının təmin edilməsinə yönəlmişdir.

İnsan hüquqlarına hörmət yalnız dövlət orqanlarının deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Vətəndaşların öz hüquqlarını bilməsi, başqalarının hüquqlarına hörmət etməsi və qanunlara əməl etməsi hüquqi mədəniyyətin formalaşmasına xidmət edir. Konstitusiya isə bu münasibətlərin ən mühüm hüquqi və mənəvi dayağıdır.

Tariyel Əkbərov,
YAP Nizami rayon təşkilatının “M.Şərifli küçəsi, 3” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button