
Azərbaycan Respublikasının Konstitusiyası müasir milli dövlətçiliyimizin hüquqi əsaslarını müəyyən edən, ölkənin siyasi, hüquqi və ictimai inkişaf istiqamətlərini özündə birləşdirən fundamental sənəddir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Əsas Qanun Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu sənəd yalnız dövlət hakimiyyətinin təşkilini tənzimləyən hüquqi akt deyil, həm də xalqın suveren iradəsinin, milli özünüdərkinin və gələcəyə yönəlmiş siyasi baxışının ifadəsidir.
Müstəqil Azərbaycan dövlətinin Konstitusiya quruculuğunun təməlində Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən dövlətçilik strategiyası dayanır. Ulu Öndər ölkənin gələcək inkişafının möhkəm hüquqi əsaslar üzərində qurulmasının vacibliyini dərindən dərk edirdi. Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi ümumxalq müzakirəsinə təqdim edilmiş və referendum yolu ilə qəbul olunmuşdur.
Konstitusiya dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi prinsipini təsbit etməklə idarəetmədə hüquqi tarazlığın formalaşmasına şərait yaratmışdır. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, mülkiyyət hüququnun qorunması, qanunun aliliyinin bərqərar olması Əsas Qanunun əsas prinsipləri kimi müəyyənləşdirilmişdir.
Azərbaycanın sonrakı inkişaf mərhələlərində Konstitusiyanın müddəaları dövlət idarəçiliyinin təkmilləşdirilməsi, demokratik institutların inkişafı və hüquqi münasibətlərin tənzimlənməsi üçün mühüm baza rolunu oynamışdır. Ölkədə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar məhz konstitusion prinsiplərə əsaslanaraq dövlətin institusional imkanlarını genişləndirmişdir.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin, suverenliyimizin və milli dövlətçilik ənənələrimizin əsas hüquqi təminatıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər və ərazi bütövlüyümüzün bərpası Əsas Qanunun müəyyən etdiyi dövlət suverenliyi prinsipinin real həyatda təcəssümüdür. Konstitusiyaya hörmət dövlətçiliyə, milli maraqlara və gələcək nəsillər qarşısında məsuliyyətə hörmət deməkdir.
Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri


