AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

8 Noyabr – Azərbaycan xalqının qürur və qəhrəmanlıq salnaməsi

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı və unudulmaz səhifələrindən biridir. Bu möhtəşəm tarix xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulmasının, milli birliyin, dövlət iradəsinin və ordumuzun qəhrəmanlığının təntənəsidir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Vətən müharibəsinin taleyində həlledici dönüş yarandı və Azərbaycan xalqı tarixi Zəfərə qovuşdu.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan dövlətinin hərbi-siyasi qüdrətini, xalqımızın Vətənə bağlılığını və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızın azad edilməsinə nail oldu. Bu Qələbə uzun illər ərzində aparılan məqsədyönlü siyasətin, güclü ordunun qurulmasının və xalqla dövlətin birliyinin məntiqi nəticəsi idi.

Zəfərin zirvəsi hesab olunan Şuşanın azad edilməsi xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı təkcə hərbi uğur deyil, həm də milli ruhun, tarixi yaddaşın və mənəvi iradənin təntənəsi idi. Məhz bu hadisənin əhəmiyyəti nəzərə alınaraq 8 Noyabr ölkəmizdə Zəfər Günü elan edildi.

Bu tarixi Qələbə böyük fədakarlıqlar hesabına əldə olundu. Vətən uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların fədakarlığı müstəqil Azərbaycanın gələcək nəsilləri üçün əsl vətənpərvərlik nümunəsidir. Zəfər Günündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmək, qazilərimizə minnətdarlığımızı bildirmək hər birimizin mənəvi borcudur.

Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Böyük Qayıdış prosesi Zəfərin real nəticələrini nümayiş etdirir.

8 Noyabr yalnız hərbi qələbənin qeyd edildiyi gün deyil, həm də Azərbaycanın gücünün, müstəqilliyinin və milli həmrəyliyinin rəmzidir. Bu Zəfər xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillərə qürur və güvən mənbəyi olacaq.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button