
Azərbaycan Dövlət Bayrağı xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin və qazandığı tarixi qələbələrin rəmzidir. Onun hər dalğalanışında Vətən torpağının müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yaşayır. Buna görə də üçrəngli bayrağımız hər bir azərbaycanlı üçün təkcə dövlət atributu deyil, həm də müqəddəs mənəvi əmanətdir.
Azərbaycan tarixinin müxtəlif dövrlərində xalqımız azadlıq və müstəqillik uğrunda ağır sınaqlardan keçmişdir. 1918-ci ildə qəbul edilən üçrəngli bayraq bu mübarizənin dövlətçilik müstəvisində ifadəsi olmuşdur. Sonrakı illərdə müstəqilliyin itirilməsi bayrağımızın rəsmi istifadəsinə son qoysa da, xalqımızın istiqlal arzusu yaşamaqda davam etmişdir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağımızın yenidən ucaldılması xalqımızın müstəqillik mübarizəsinə güclü təkan verdi. Müstəqilliyin bərpasından sonra isə bu bayraq dövlətimizin əsas atributlarından biri kimi rəsmiləşdirildi. Beləliklə, milli rəmzimiz dövlətçilik tariximizin ayrılmaz hissəsinə çevrildi.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq üçrəngli bayrağımızın mənəvi dəyərini daha da artırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə uğrunda minlərlə qəhrəmanımız şəhidlik zirvəsinə yüksəldi, qazilərimiz sağlamlıqlarını itirərək Vətən qarşısında borclarını yerinə yetirdilər.
Bu gün bayrağımız azad torpaqlarımızda dalğalanarkən şəhidlərimizin bizə əmanət etdiyi müstəqilliyin məsuliyyətini daha dərindən hiss edirik. Onların xatirəsini yaşatmaq, dövlətimizi inkişaf etdirmək və milli rəmzlərimizi qorumaq hər birimizin borcudur. Bayrağımız şəhidlərimizin qanı ilə yazılmış qəhrəmanlıq tariximizin canlı ifadəsidir.
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini


