AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Zəfərin rolu

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə yalnız hərbi və siyasi nəticələri ilə deyil, həm də ölkəmizin beynəlxalq imicinə təsiri ilə əlamətdardır. Uzun illər ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, işğal faktının və onun nəticələrinin tanıdılması dövlətimizin xarici siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Zəfər bu istiqamətdə aparılan mübarizənin tarixi nəticələrini ortaya qoydu.

Prezident İlham Əliyev beynəlxalq platformalarda Azərbaycanın mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə etmişdir. Dövlət başçısı müxtəlif beynəlxalq görüşlərdə, müsahibələrdə və çıxışlarında ölkəmizin ərazi bütövlüyü məsələsini daim diqqət mərkəzində saxlamışdır. Bu fəaliyyət Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.

44 günlük Vətən müharibəsi zamanı informasiya mübarizəsi də xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan tərəfi cəbhədə baş verən hadisələr barədə məlumatları beynəlxalq auditoriyaya çatdırır, ölkəmizə qarşı yönəlmiş əsassız iddialara cavab verirdi. Prezident İlham Əliyevin xarici media nümayəndələrinə verdiyi müsahibələr Azərbaycanın mövqeyinin birbaşa və aydın şəkildə ifadə olunmasına imkan yaradırdı.

Zəfərdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni mərhələyə qədəm qoydu. Ölkəmiz regionda sülhün, əməkdaşlığın və iqtisadi əlaqələrin inkişafı istiqamətində təşəbbüslər irəli sürdü. Ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın gələcək inkişaf strategiyası üçün yeni imkanlar yaratdı.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması davamlı fəaliyyət tələb edir. Tarixi faktların, milli-mədəni irsimizin, xalqımızın yaşadığı faciələrin və əldə etdiyimiz Qələbənin beynəlxalq auditoriyaya düzgün təqdim olunması hər birimizin vəzifəsidir. Zəfər tariximiz yalnız keçmişin xatirəsi deyil, həm də Azərbaycanın dünyaya öz gücünü və haqlı mövqeyini nümayiş etdirdiyi mühüm hadisədir.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button