
Bərabərlik prinsipi demokratik dövlətin fundamental hüquqi və siyasi dəyərlərindən biridir. Vətəndaşların irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən və digər fərqləndirici xüsusiyyətlərindən asılı olmayaraq qanun qarşısında bərabər olması cəmiyyətin sabitliyinin və sosial həmrəyliyin qorunmasına xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası bu prinsipi təsbit etməklə ölkədə hüquqi bərabərliyin təmin olunmasının əsaslarını müəyyənləşdirib.
1995-ci il Konstitusiyasında bərabərlik hüququnun geniş şəkildə əks olunması Azərbaycanın demokratik və dünyəvi dövlət modelinin mühüm xüsusiyyətlərindəndir. Bu yanaşma ölkədə yaşayan bütün insanların fundamental hüquqlarının qorunmasını və ayrı-seçkiliyə yol verilməməsini nəzərdə tutur. Hüquqi bərabərlik həm də dövlət orqanlarının qərar və fəaliyyətində vahid hüquqi meyarların tətbiq edilməsini tələb edir.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində milli birlik və tolerantlıq mühüm yer tuturdu. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı cəmiyyət kimi inkişafı, müxtəlif mədəniyyətlərin qarşılıqlı hörmət şəraitində yaşaması dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Bu siyasət ölkədə ictimai sabitliyin və vətəndaş həmrəyliyinin möhkəmlənməsinə xidmət edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm və tolerantlıq siyasəti Azərbaycanın beynəlxalq miqyasda bu sahədə nüfuzunun artmasına töhfə verib. Müxtəlif dini və etnik icmaların nümayəndələrinin ictimai həyatda iştirakı, dini abidələrin qorunması və mədəni müxtəlifliyin təşviqi bu siyasətin mühüm istiqamətləridir. Bu yanaşma dövlətin konstitusion bərabərlik prinsipinin ictimai həyatda möhkəmlənməsinə imkan yaradır.
Bərabərlik prinsipi yalnız hüquqi müddəa deyil, həm də cəmiyyətin mənəvi inkişafının əsas şərtidir. İnsanların qarşılıqlı hörmət, ədalət və hüquq bərabərliyi şəraitində yaşaması milli həmrəyliyi gücləndirir. Azərbaycan Konstitusiyasının bu sahədə müəyyən etdiyi prinsiplər dövlətin demokratik inkişafına və ictimai sabitliyin qorunmasına xidmət edir.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı


