Azərbaycan Ordusunun döyüş ruhu və hərbi ənənələri

Azərbaycan xalqının hərb tarixi qədim dövrlərə gedib çıxır. Tarix boyu torpaqlarımızın müdafiəsi uğrunda mübarizə aparan igidlərimizin qəhrəmanlığı milli yaddaşımızda xüsusi yer tutub. Müasir Azərbaycan Ordusu da bu zəngin hərbi ənənələrin davamçısı kimi formalaşaraq dövlətimizin müstəqilliyinin və suverenliyinin əsas təminatçısına çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti Silahlı Qüvvələrin peşəkarlığının artırılmasına və döyüş hazırlığının gücləndirilməsinə xidmət edib. Hərbi təhsil müəssisələrinin inkişafı, zabit kadrlarının hazırlanması, müasir təlimlərin keçirilməsi və hərbi intizamın möhkəmləndirilməsi bu siyasətin mühüm istiqamətləridir.
Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi döyüş ruhu xalqımızın hərbi ənənələrinin müasir şəraitdə də yaşadığını təsdiqlədi. Əsgər və zabitlərimiz mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirərkən yüksək intizam, cəsarət və peşəkarlıq nümayiş etdirdilər. Onların uğurları hərbi biliklərlə yanaşı, Vətənə bağlılığın və milli qürurun da mühüm rol oynadığını göstərdi.
Ordunun mənəvi-psixoloji hazırlığı hərbi qüdrətin vacib elementlərindəndir. Azərbaycan hərbçiləri döyüş meydanında öz xalqının etimadını doğrultmaq, şəhidlərin amalını davam etdirmək və torpaqlarımızı azad etmək əzmi ilə mübarizə apardılar. Bu iradə 44 günlük müharibənin uğurla başa çatmasına mühüm töhfə verdi.
Bu gün Azərbaycan Ordusu öz hərbi ənənələrini qorumaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf edir. Gənc əsgər və zabitlərimiz Vətən müharibəsinin qəhrəmanlıq nümunələrindən bəhrələnərək peşəkar hərbçi kimi yetişirlər. Zəfər Günü ordumuzun şanlı ənənələrinə və milli hərb tariximizə ehtiramın ifadəsidir.
Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini



